Reklam



"QANLI YANVAR"-ı Unutmayaq!

Vətən şəhidlərini heç vaxt unutmayacaq 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır. Sabah "Qanlı Yanvar"ın 25-cü ildönümüdür. 25 il öncə Azərbaycan xalqının taleyində də nəhs və qorxunc günlər yaşanırdı. Xalqımız qırmızı imperiyanın "Qızıl ordusu"nun, sovet hərb maşınının zoruna məruz qalmışdı. Xalqımız təcavüzə uğramış, günahsız insanlar gülləbaran edilmiş, milli heysiyyatımız tankların tırtılları altına atılmışdı.

20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq (Qarabağ) uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. ...1990-cı ilin 20 Yanvarından ötən illəri bir qayda olaraq yalnız kədər, hüzn, matəm (bu əhvalı ifadə edən sözlərin sırasını daha da uzatmaq olar) kimi qeyd etmişik, şəhidlərimizin ruhunu ağı və sızıntı ilə anmışıq. Ümumxalq hüzn günü bu əhval təbiidir. Amma bir şeyi unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar həm də xalqımızın şan və şərəf günüdür. Unutmamalıyıq ki, həmin gün küçələri boyamış al şəhid qanları bir anlamda milli məfkurəmizin oyanan günəşinin qırmızı şəfəqini simvolizə edirdi. Xalqımız həmin gün üstünə şığıyan dəhşətli kabusa, sovet hərbiyyəsinin qorxunc qaragürahuna qarşı sinəsini verməyi və deməli, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı özgürlük mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir. 1990-cı ilin 20 Yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi. Ötən illər ərzində "Qanlı Yanvar"ın tarixi, mənəvi, siyasi və s. aspektləri analiz edilib, hadisəyə Azərbaycan dövləti tərəfindən hüquqi qiymət verilib.

Lakin təəssüf edilməlidir ki, biz indiyədək bu tarixi dünyaya yetərincə tanıda bilməmişik. Dünya hələ də 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda, onun paytaxtı Bakıda nələrin baş verdiyindən xeyli dərəcədə səthi informasiyaya malikdir.

...Həmin gün Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini saxlamaq və milli azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya böyük bir ordu (rəsmi rəqəm 35 mini göstərir) yeridilmişdi. SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA" və SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 184 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. "Qara Yanvar"ın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb. Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu təsnifatı almayıb.

Bu hadisələrə emosiya, kədər, yaxud mübarizlik səlnaməsi kimi pafoslu münasibətlə bərabər, bir qədər də soyuqqanlı olub, o hadisələrin gerçək mahiyyətini dünya birliyinin, çeşidli beynəlxalq təşkilatların önünə qoymaq barədə düşünməli, 20 Yanvara beynəlxalq-hüquqi qiymətin verilməsinə çalışmalıyıq. Artıq 25 il keçib, biz bu istiqamətdə xeyli ləngimişik. Bu hadisələrin beynəlxalq müstəvidə gərəkən tarixi, siyasi və hüquqi qiymət almamasının səbəbini faicənin ilk günlərində axtarmaq lazımdır. Hadisədən dərhal sonra Azərbaycanın o vaxtkı rəhbərliyi nəinki 20 Yanvarın gerçək miqyas və mahiyyətini dünya birliyinin diqqətinə çatdırmadı, əksinə, yeritdiyi səbatsız siyasətlə faktiki olaraq Sovet Ordusu birləşmələrinin hərbi təcavüzünü retuş etmiş oldu. Verilən hər bəyanatda, atılan hər addımda Moskvaya boylanma, Mərkəzin əhvalının göz önünə alınması aşkar idi. Digər tərəfdən, 20 Yanvar Azərbaycanda lap əvvəldən siyasi "razborka" predmeti olub, "Faciənin günahkarları kimdir?" sualına cavab daha çox Azərbaycanın daxilində axtarılıb, nəinki gerçək ünvanlarda. Məhz 20 yanvara daxili-siyasi konyukturdan yanaşma dünyanın gözündə bu hadisənin mahiyyətini kiçiltdi. Əksər ölkələr 20 Yanvarın Azərbaycandakı daxili siyasi mübarizənin, hakimiyyət davasının nəticəsi kimi dəyərləndirdi. Beynəlxalq birlik 1956-cı ilin Budapeşt, 1968-ci ilin Praqa, o cümlədən 1989-cu ilin Tbilisi, 1991-ci ilin Riqa və Vilnüs hadisələrinə müvafiq hüquqi qiymət verdiyi halda, 1990-cı ilin Yanvar hadisələri Moskvanın hanısısa ekstremist qüvvələri zərərsizləşdirmək və guya dinc əhalini qırğınlardan, xaosdan qorumaq üçün atdığı məcburi addım kimi tanındı. O vaxtkı Azərbaycan rəhbərliyinin bivec və qorxaq siyasəti üzündən 20 Yanvar nəinki beynəlxalq, hətta ittifaq müstəvisində (SSRİ-nin mövcud olduğu dövrdə) də layiq olduğu hüquqi-siyasi təsnifatı almamışdı.

20 Yanvardan sonra Azərbaycan rəhbərliyinin atdığı addımlar cəsarətsizlik və siyasi təslimçilik nümayişi idi. O vaxt Azərbaycan xalqı adından Bakıdan verilən yegənə etiraz bəyanatı Şeyxülislam Allahşükür Paşazadə tərəfindən verilmişdi. SSRİ rəhbərliyinə, habelə BMT-yə, dünya dövlətlərinə ünvanlanan və kəskinliyi ilə seçilən bu bəyanatda 20 Yanvar faciəsinin törədilməsinə görə günahın bilavasitə Kremlin və M.Qorbaçovun üzərinə düşdüyü vurğulanırdı. Həmin günlər Azərbaycan xalqı adından ən ciddi bəyanatı isə Moskvada yaşayan Heydər Əliyev verdi. Bilavasitə imperiyanın mərkəzində, dünyanın onlarla KİV təmsilçisinin qarşısında verilən bu bəyanat böyük rezonans doğurdu.

SSRİ-nin digər bölgələrində, o cümlədən Tbilisidə və Baltikyanı respublikalarda baş vermiş hadisələr sovet rəhbərliyi, xalq deputatları səviyyəsində müzakirə edilsə də, 20 Yanvar hadisələri şüurlu şəkildə təhrif edilərək yanlış yozuma və unutqanlığa məhkum edilmişdi. Bircə faktı vurğulamaq yetər ki, SSRİ prezidenti M.Qorbaçov Azərbaycanda həyata keçirilmiş əməliyyata yalnız bir dəfə, 1991-ci ildə, 20 Yanvarın ildönümündə Azərbaycan xalqına başsağlığı verməklə münasibət bildirmişdi.

Heç şübhəsiz ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir. Onları bir araya gətirib dünyanın diqqətinə çıxarmaqla, gec də olsa, beynəlxalq müstəvidə 20 Yanvar barəsində gərəkən rəyin formalaşmasına nail olmalıyıq. 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə qara çərçivədə anılası gün olmamalıdır. Biz bu günün gerçək önəmini onun hüzn və şərəfi ilə birgə yaşamalıyıq. Ən önəmlisi isə bu tarixi, 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı məqsədli qırğın, soyqırımı kampaniyasının bir halqası olduğunu dünyaya tanıtdırmağı bacarmalıyıq. Ona görə yox ki, dünya da bizim hüznə şərik olub matəm tutsun. Ona görə ki, dünya Azərbaycanın və azərbaycanlıların tarixini olduğu kimi dərk etsin. Bu aksiyanın Azərbaycan üçün, onun beynəlxalq imici üçün heç də formal olmayan əhəmiyyəti var...

Qanlı tarix İllər, əsrlər ötsə də, bu söz dəyişməyəcək. Bu, həqiqətən də Azərbaycanın salnaməsinə yazılmış qanlı tarixdir. "1990. 20 Yanvar".

Yığıncaqlar, mitinqlər... Uzun illərin sovet imperiyası boyunduruğundan azad olmaq istəyi... İnsanlarda sanki bir inam, stimul yaranmışdı...

Axşam saat 9-dan sonra şəhərin küçələrində şütüyən maşınlardakı meqafonla insanları - vətənini sevənləri XI Qızıl Ordu meydanına çağırırdılar. Hamı axın-axın yalnız bir səmtə - Biləcəri yoluna tərəf axışırdı. Lakin sadə insanların heç biri təsəvvürünə belə gətirə bilməzdi ki, "möhtəşəm" sovet əsgəri - tankı, hərbi texnikası Bakı nefti ilə təmin olunan ordu əliyalın xalqa silah tuşlayar, atəş açar...

Faciə törədildi, günahsız insanlar şəhid oldular...

Heç zaman unudulmayacaq o gündən 25 il keçməsinə baxmayaraq, hərdən düşünürəm: görəsən, insanlar belə bir dəhşətli faciənin törədiləcəyini bilsəydilər, yenidən küçələrə axışardılarmı? Bunun cavabını elə o dövrdə - şəhidlərin dəfni zamanı bütün qoyulan qadağalara baxmayaraq, Azadlıq meydanından Dağüstü parka, indiki Şəhidlər xiyabanınadək uzanan insan axını, qorxu, hürkü bilməyən izdiham vermişdi.

O gün gecənin zülmətindən istifadə edən "şücaətli" rus əsgəri yurddaşlarımızın əzəmətindən qorxub gizlənmişdi. O gün Moskvada matəm saxlayan Heydər Əliyevin etiraz səsi bütün dünyaya yayıldı. O gün heç kəs başını aşağı əymədi. Biz şəhid verdik, lakin qalib gəldik. Biz nə əyildik, nə sındıq. O gün "Azadlıq!" sədası göylərə qalxdı. Biz o azadlığı qanımız bahasına əldə etdik... Elə bir gün olmur ki, Şəhidlər xiyabanı adamsız, yalqız qalsın. Dövlət başçımızın görüşünə gələn xarici qonaqlar da buranı ziyarət edir, şəhidlərin şərəfinə yandırılan əbədi məşəl qarşısında baş əyirlər. Axı nə idi o qocaların, körpələrin günahı?!

İndi nəyin bahasına olursa-olsun biz hamımız azadlığımızı qorumalıyıq. Budur bizim şəhidlər qarşısında müqəddəs borcumuz!

Ruhunuz şad olsun! Sizin Azərbaycanın suverenliyi, müstəqilliyi, azadlığı, firavan gələcəyi uğrunda axıtdığınız qan hədər getməyib.

Hər birimiz Şəhidlər xiyabanına gedərkən içərimizdə xəfif titrəyiş hiss edirik. Oradan qayıdanda isə bu titrəyiş qürur hissi ilə əvəz olunur. Başqa cür ola da bilməz!

Yox, bu gün ürəyimiz ağrısa da, biz ağlamayacağıq! Hər bir şəhid - istər yaşlı, istər gənc, istərsə də körpə - bizim hər birimizin vüqarıdır. Gəlin vüqarlı olaq!
19 Yanvar 2017
2770 dəfə oxunub
 
 



 

Reklam
Sizin reklam burada
info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur