Reklam



ALDƏRƏ
İbrahim Hacıyev

Yolunu sal dərəyə,
Gülləri al dərəyə.
Cənnət görmək istəsən,
Qonaq gəl Aldərəyə.

Bu dərə Aldərədi,
Daşları sal dərədi.
Mənim Məkkəm, Mədinəm,
Kəbəm də Aldərədi.

Keçginən al dərədən,
Gülləri al dərədən.
Könül həsrət, göz yolda,
Xəbər yox Aldərədən.

Hücum et, al dərəni,
Daşları sal dərəni.
Könlü nisgilli ölləm,
Görməsəm Aldərəni.

Otlayır mal dərədə,
Daşları sal dərədə.
Bədənim Bakıdadır,
Ürəyim Aldərədə.

Meyvəsi bal dərə var,
Daşları sal dərə var.
Aldərəsiz deyiləm,
Içimdə Aldərə var.

Gül olsan dərrəm səni,
Sinəmə sərrəm səni.
Aldərəm, mən hər gecə,
Yuxumda görrəm səni.

Gözüm, canım Aldərə,
Ürək canım Aldərə.
Ən xoş xatirələrim,
Din, imanım Aldərə.

Yolunu sal dərəyə,
Gülləri al dərəyə.
Döneydim göyərçinə,
Uçeydim Aldərəyə.

Otlayır mal dərədə,
Gülləri al dərədə.
Deyirəm kaş öleydim,
Qaleydim Aldərədə.

Süzülüb bal dərəyə,
Daşları sal dərəyə.
Çıxaydım Müşkəstana,
Baxaydım Aldərəyə.

Qoy ensin mal dərəyə,
Süzülsün bal dərəyə,
Keçib Dağ-ayrımından,
Girəydim Aldərəyə.

Baxır çaya Aldərə,
Günə, aya Aldərə.
Qovulub əhalisi,
Batıb vaya Aldərə.

Köçür Tasa Aldərə,
Ya Əbgasa Aldərə.
Qovulub övladları,
Batıb yasa Aldərə.

Soruş, öyrən kiməm mən,
Dərd bilməz həkiməm mən.
Aldərə, ay Aldərə,
Sənsizəm, yetiməm mən.

Gülün aldı Aldərə,
Meyvən baldı Aldərə.
Şirin xatirələrim,
Səndə qaldı Aldərə.

Üstündən səmum əsib,
Yolunu yağı kəsib.
Nə müddətdir getmirəm,
Aldərə məndən küsüb.

Bax, tanı Aldərədi,
Üst yanı Aldərədi.
Ürəyimin dərdi var,
Dərmanı Aldərədi.

Xanım, şahım Aldərə,
Naləm, ahım Aldərə.
Mənim dinim, imanım,
Qibləgahım Aldərə.

Bu dərə al dərədi,
Meyvəsi bal dərədi.
Mənim də öz dinim var,
Imanım Aldərədir.

Özümə yol seçəydim,
Aldərədən keçəydim.
Kəhrizinin suyundan,
Ovuclayıb içəydim.

Eşqimin adı sənsən,
Arzu, muradım sənsən.
Aldərə ay Aldərə,
Ağzımın dadı sənsən.

Gedirəm al dərəyə,
Meyvəsi bal dərəyə,
Xəyal qanadlarında,
Uçuram Aldərəyə.

Bağrım başı Aldərə,
Can sirdaşım Aldərə,
Mehri qızıl uyuqdu,
Yaqut daşı Aldərə.

Demirəm barım qalıb,
Sərvətim, varım qalıb.
Aldərə səndə mənim,
Ancaq məzarım qalıb.

Azım-çoxum Aldərə,
Varım, yoxum Aldərə.
Gündüzlər fikrim-zikrim,
Gecə yuxum Aldərə.
12 Aprel 2010
1817 dəfə oxunub
 
 



 

Reklam
Sizin reklam burada
info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur