Reklam



ƏLDƏRƏDƏDİR
Mir Əsəd

Bu şən obaların, bu şad ellərin,
Ən gözəl dövranı, Əldərədədir.
Azad ölkələrin, abad ellərin,
Cənnəti-rizvanı, Əldərədədir.

Hər şəhər yerinin, hər kəndistanın,
Mehri rayonunun, Azərbaycanın.
Bütün yer üzünün, cümlə-cahanın,
Ən xoşbəxt insanı, Əldərədədir.

Bəzənib, düzənib gəlin sayağı,
Bir kənddir, olubdur, ellər mayağı.
Valeh olar kimin düşsə ayağı,
Gözəllik məskəni, Əldərədədir.

Evləri görkəmli, yaraşıqlıdır,
Eyvanları güllü, sarmaşıqlıdır.
Əlvan çıraqları gur işıqlıdır,
Nurlar çıraqbanı, Əldərədədir.

Xoş abı-havalı, sərin küləkli,
Hər yalı, yamacı güllü, çiçəkli.
Ana təbiətin bərli-bəzəkli,
Baharın, xəzanı, Əldərədədir.

Gələni özünə mehman eyləyən,
Dərdi olanlara dərman eyləyən.
Dünyanı, insanı heyran eyləyən,
Yaylağı, aranı, Əldərədədir.

İnsanın qəlbini vəcdə gətirən,
Şadlıq bəxş eyləyən, dərd-qəm itirən.
Min ağac bitirən, min bar yetirən,
Bağmanlar bağmanı, Əldərədədir.

Üfüqdən boylanıb çıxanda günəş,
Nazlana-nazlana qalxanda günəş.
Müşgastın dağından baxanda günəş,
Huridir, qılmanı, Əldərədədir.

Şirindir hər daşı, torpağı mənə,
Əzizdir hər kolu, yarpağı mənə.
Xoş gəlir aranı, yaylağı mənə,
Yaylaqlar soltanı, Əldərədədir.

Hündür qayaların, uca dağların,
Başlan ağsaçlı, qoca dağların.
Dağlar qoynundakı baş yaylaqların,
Çiskini, dumanı, Əldərədədir.

Sərin yaylaqların buz tək bulağı,
Ətirli pendirli, ləzzətli yağı.
Dadlı buğlaması, tamlı qaymağı,
Qatığı, ayranı, Əldərədədir.

Çaşırın, çirişin təri, təzəsi,
Dağların nəşəsi, meyi-məzəsi.
Müşki kəkotusu, ənbər mərzəsi,
Yarpızı, reyhanı, Əldərədədir.

Həyat aləminin cəhi-cəlalı,
Göylərin laçını, leyi, qartalı.
Dağların əliyi, körpə maralı,
Cüyürü, ceyranı, Əldərədədir.

Quşların tavusu, qusu, sonası,
Leyləyi, ördəyi, qazı, durnası,
Qırqovulu, kəkliyi, alabaxtası,
Turacı, Tərlanı, Əldərədədir.

Hər sulu dərənin, hər ulu dağın,
Hər cənnət bağçanın, hər behişt bağın
. Hər min bir ağacın, min bir budağın,
Meşəsi, ormanı, Əldərədədir.

Söhbəti dillərdən-dillərə düşən,
Şöhrəti ellərdən-ellərə düşən.
Tərifi mizraba, tellərə düşən,
Meyvələr məkanı, Əldərədədir.

Üzümün, əncirin, hülünün, narın,
Müxtəsər, dünyada hər bir növbarın.
Min nazlı-nemətin, dövlətin-varın,
Bəxti, Süleymanı, Əldərədədir.

Növrəstə, ağ üzüm, şirin bərdeyi,
Adlı həna qırna, dadlı şireyi.
Bal keçi məməsi, qənd quş ürəyi,
Şahangir, şahanı, Əldərədədir.

Dərilibən salxım-salxım üzülən,
Giləsindəıı şəhdü-şəkər süzülən.
Üzüm dolu dalbadala düzülən,
Maşınlar karvanı, Əldərədədir.

Min şöhrəti olan, min şanı olan,
Min dərdin dəvası, dərmanı olan.
İllər xəstəsinin loğmanı olan,
Beçə balın şanı, Əldərədədir.

Şirinin, şəkərin, qəndin, qəndabın,
İrçalın, bəhməzin, mətin, doşabın,
Ləzzətli konyakın, dadlı şərabın,
Dəryası, ümmanı, Əldərədədir.

Cənnətin xoş ətri, müşgi-ənbəri,
Abi Zəm-zəm suyu, abi kövsəri,
Dünyanın incisi, ləli-gövhəri,
Yaqutu, mərcanı, Əldərədədir.

Hər qızıl lalənin, hər gül-çiçəyin
, Hər tazə qönçənin, hər tər ləcəyin
, Hər nazlı gözəlin, hər şux mələyin,
Ənliyi, kirşanı, Əldərədədir.

İncə təbəssümlü, zərif gülüşlü,
Nazəndə yerişli, ahu baxışlı,
Maral oturuşlu, ceyran duruşlu,
Gözəllər ünvanı, Əldərədədir.

Tülək maralların, şux bülbüllərin,
Əlvan çiçəklərin, gözəl güllərin,
Süsən-sünbüllərin, qızılgüllərin,
Baği-Gülüstanı, Əldərədədir.

Qərq olub çiçəyə, bürünüb gülə,
Gül-gülə sarmaşıb, sünbül-sünbülə,
Gül, gülə naz edir, bülbül, bülbülə,
Bülbüllər gülşəni, Əldərədədir.

Fərhad kimi külüng çalan atamın,
Bəydən, xandan qisas alan atamın,
Pristavı atdan salan atamın,
İgidlik dastanı, Əldərədədir.

Onun maarifə rəğbət bəsləyən,
Yaxşını vəsf edən, pisi pisləyən,
Vətən övladını elmə səsləyən,
Dürrü-zərəfşanı, Əldərədədir.

Bülbüləm, gəzirəm gül sorağındayam,
Aşiqəm, bir incə bel sorağındayam.
Vətən fərağında, el sorağındayam,
Könlümün tərlanı, Əldərədədir.

Qəribəm, Vətəndən aralıyam mən,
Özüm də bilmirəm haralıyam mən,
Amandır, tərpətmə, yaralıyam mən,
Yaramın loğmanı, Əldərədədir.

Ölürəm, a dostlar, götürün məni,
Qürbətdən Vətənə ötürün məni,
Ana torpağıma yetirin məni,
Dərdimin dərmanı, Əldərədədir.

Eşqində bülbültək ötən Seyidin,
Bu yurdsuz, cəlayi-Vətən Seyidin,
Elindən didərgin düşən Seyidin,
Ürəvi, həm canı, Əldərədədir.

Bu şeri:
Vətənə vurğun olan,
Yolunda yorğun olan,
Hüsnünə məftun olan,
Eşqində Məcnun olan.
Əldərənin ləyaqətli, sədaqətli, mərhəmətli, məhəbbətli, səxavətli, kəramətli, qeyrətli oğlu, çox hörmətli Həzrətqulu Əhmədova yadigar göndərirəm.
Həzrətqulu, Vətən olsa da mənsiz,
Arzum budur heç vaxt olmasın sənsiz!

Dərin hörmətlə: Sizin Mir Əsəd.
Hamınıza duaçıyam. 18 dekabr 1972.
12 Aprel 2010
1809 dəfə oxunub
 
 



 

Reklam
Sizin reklam burada
info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur