Reklam



"Kəndi sevirəm" şeir (Nanə Yavərqızı)
KƏNDİ SEVİRƏM
NANƏ YAVƏRQIZI

Doğuldum kənddə, hər yan çəmən, otlaq,
Şirin laylam oldu bu çay, bu bulaq
Sinəmə yığıldı söz varaq- varaq,
Mən kənd övladıyam, kəndi sevirəm.

Əriyər, süzülər dağların qarı,
Talada, zəmidə əkilər darı.
Ağac koğuşunda şan hörər arı,
Mən elin varıyam, eli sevirəm.

Neynərsən qılçıqlı bomboş kövşəni,
Dərin, kol dibindən qan bənövşəni.
Yaşatsın sizlərə gözəl sevgini,
Mən güldən yoğruldum, gülü sevirəm.

Meşədə yağışdan gülər göbələk,
Donunu dərədə sərər çiyələk,
Üşüyər yamacda sarmaşıq çiçək,
Mən çölə bağlıyam, çölü sevirəm.

El köçər obaya, alaçıq qurar,
Motal pendirindən dəstərxan açar,
Qartalı, qəciri pusquda durar,
Mən dağ balasıyam, dağı sevirəm.

Həsrətdən dönərəm telə, yumağa,
Yolumu salaram bağçaya, bağa,
Sönmərəm, od ollam yanan ocağa,
Mən oddan yarandım, odu sevirəm.

Hanı o günlərim, geri dönsənə,
Günümə rəng verən, yazım gəlsənə,
Çiçəkdən qəlbimə xalı hörsənə?!
Mən yazın özüyəm, yazı sevirəm.

Nanə əsər, nanə yarpağı kimi,
Titrəyər qəlbinin yaralı simi.
Sözün doğrusunu deyər səmimi,
Mən Aldərəliyəm, kəndi sevirəm.
19 Noyabr 2016
1685 dəfə oxunub
 
 



 

Reklam
Sizin reklam burada
info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur