Reklam



Kəndin tanınmış insanları haqqında (Yenilənib)
1916-cı ilə qədər kənddə 6 hacı olmuşdur: Hacı Xanməmməd, Hacı Hümbət, Hacı Zeynalabdin, Hacı Məmmədəli, Hacı Mir Bağır Ağa və s. Kənddəki məscidi və qədim arxitektura ilə tikilən hamamı Hacı Məmmədəli öz xərci ilə tikdirib. Həmin tikililər indi də durur. Hacıların tayfası indi böyük bir sülalədir. Rayondakı hər 4-5 kəndə bir yüzbaşı təyin olunurdu. Bu yüzbaşıların əksəriyyəti əldərəli olub: Xanəli yüzbaşı, Məşədi Yusif yüzbaşı və s. Həsənqulubəyin oğlu Məhəmmədbəy Zəngəzur qəzasında, Ordubadda milis rəisi işləyəndə elinə çox köməkliyi olub. İrana gedənə qədər Ordubadda yaşamışdır. Rusca, ərəbcə bilən çox savadlı adam idi. Sovet dövründə anlayır ki, onu milis rəisi qoymaqla qaçmış varlıları öz yerlərinə qaytarmaq istəyirlər. Bu isə o demək idi ki, onları ya sürgün, ya da ölüm gözləyir. Lakin o, ələdüşən fürsətdən bacarıqla istifadə edir. 1926-cı ildə Sovet hökumətinin yuna ehtiyacı olanda Ordubadda ona 15 min manat pul verirlər ki, yun alsın. O da söz verir ki, mən gedib alaram. Pulu alandan sonra Meğriyə gəlir. Hakim Şaxasmatevosla dost imiş. Ona deyir ki, mən gedirəm İrana, 15 gündən sonra bu pulu Meğridə dövlət bankına salarsan. Deməsinlər ki, Məhəmməd pul alıb qaçıb. Əgər verməsən özündən küs. İrana keçir. Oradan bir nəfəri təlimat üçün Ordubada göndərir. İki yerdə evi var idi. Yuxarı Üşdürəngədən qiymətli əşyaların hamısını aşağı evinə yığırlar. Sonralar komendatura yerləşən evinə 23 adamla Ordubad qabağından keçib gəlirlər. Bütün əşyaları yığıb İrana gedirlər. Bəyin evinə nəzarət edirmişlər. Çırağı yana-yana qoyurlar ki, heç kim Şübhələnməsin. 1942-ci ilə kimi İranda yaşayır. Sovet ordusu İrana keçəndə hiss edir ki, Arazın bu tayından o vaxt İrana gedənlər seyrəlir. Əks-kəşfiyyat onları yığır. O, Tehrana köçür. 1981-ci ildə vəfat edir. Həsənqulubəy adında Fransada malikanəsi var, əksəriyyəti orada yaşayır. Gəlini qafanlı Məşədi Tağının qızıdır. İrandakı arvadındandır. Sual oluna bilər ki, bəs nə əcəb Məhəmməd bəy Arazdan sağ-salamat keçib gedə bilir? Həmin vaxt Mincivandan Ordubadın Dəstə kəndinə qədər olan sərhəddə Meğri komendaturası baxırmış. Komendant isə Yesayan imiş. Sonralar o, Azərbaycanda Rabitə naziri olur. M.C.Bağırov işdən çıxarır və məhvinə hökm verir. Məhəmməd bəy Meğriyə gələndə qardaşı Şahmar bəydən qalan qızıl vəznəli xəncəri Yesayana verir və danışırlar ki, həmin vaxt Ordubad sahəsində nə olur-olsun, tüfəngdən atəş açılmamalıdır. Bu rəvayət əks-kəşfiyyat məlumatıdır. İranda bəyin bir avtobusunu, iki yük maşınını, bir vilisini sovet ordusu zəbt edir. Orada yerləşən sovet ordusu komandanlığına rusca ərizə yazır və xahiş edir ki, əgər İranda Sovet hökuməti qurulubsa elan vurun biz də bilək. Yoxsa Stalinə yazacağam. Ərizə rusca olduğu üçün şübhələnən general tez onu çağırtdırıb soruşur ki, ərizəni kim yazıb. Cavab verir ki, özüm yazmışam. İnanmırlar. Kağız verirlər ki, bir də yazsın. Bir neçə sətir yazandan sonra aydın olur ki, ərizəni yazan özüdür. Maşınları bir neçə gün işlətmişdilər. Bəydən iki gün möhlət istəyirlər. Maşınları təmir edib bəyə verirlər.


Əjdər Mehtiqulu oğlu Məmmədov -
Əjdər Mehtiqulu oğlu Məmmədov 1925-ci ildə Ermənistan Respublikası Mehri rayonunun Aldərə kəndində anadan olmuşdur. O, əmək fəaliyyətinə kənd məktəbindən başlamışdır. 1947-ci ildə kommunist partiyası sıralarına daxil olmuşdur.
Ə. M. Məmmədov 1949-cu ildən partiya işində olmuş, Azərbaycan SSR Dəmir Yolu idarəsinin siyasi şöbələrində məsul vəzifələrdə işləmiş,
1951-ci ildə Dəmir Yolu Bakı Qovşağı Partiya Komitəsinin katibi seçilmişdir.
Azərbaycan KP MK-nın yanında Bakı Ali Partiya məktəbini bitirdikdən sonra, 1955-ci ildən Azərbaycan KP Bakı Şəhər Komitəsi sənaye-nəqliyyat şöbəsinin təlimatçısı, şöbə müdirinin müavini vəzifələrində çalışmışdır.
O, 1957-ci ilin iyun ayından , Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasında müxtəlif vəzifələrdə çalışmiş, 1962-ci ildə Xalq Təsərrüfatı Şurası partiya komitəsinin katibi seçilmişdir. İşləməklə yanaşı təhsilini artıran Ə. M. Məmmədov 1958-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdir.
O, 1967-ci ildən ömrünün sonunadək , Azərbaycan SSR Nazirlər Sovetində ərizə və şikayətlər şöbəsinin müdiri və eyni zamanda Nazirlər Soveti aparatı partiya komitəsinin katibi vəzifəsində çalışmışdır.
Ə.M. Məmmədovun unudulmaz xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır. Allah rəhmət eləsin.


Əziz Mehtiqulu oğlu Məmmədov -
Məmmədov Əziz Mehtiqulu oğlu 26 iyun 1927-ci ildə Ermənistan Respublikası Mehri rayonunun Əldərə kəndində anadan olmuşdur. O, 1948-ci ildə Azərbaycan Dövlət Tibb institutuna daxil olmuş, 1952-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir.Məktəbi bitirdikdən sonara təyinatla əlaqədar olaraq, Mingəçevir şəhərində həkim kimi fəaliyyətə başlamışdır. 1953-54-cü illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyin nəzdində Hərbi Qospitalda Tibb Xidməti idarəsinin rəisi,1954-60-cı illərdə keçmiş Kirovabad ( indiki Gəncə ) şəhərində yerləşən Zaqafqaziya Hərbi Dairəsi Tibbi Xidmət idarəsinin rəisi vəzifələrində çalışmışdır. Ə.M. Məmmədov 1960-cı ildə Bakı şəhər 3saylı şəhər poliklinikasında Baş həkimin müavini, 1961-ci ildə Azərbaycan Həmkarlar İttifaqı Şurasında mütəxəssis, 1962-ci ildə 20 saylı Tibbi Sahədə Baş həkimin müavini, 1963-66-cı illərdə Abşeron rayon səhiyyə şöbəsinin rəisi vəzifəsində çalışmışdır. O, 1966-69-cu illərdə Azərbaycan Dövlət Politexnik institutunda yerləşən 23 saylı Tələbə poliklinikasında Baş həkim, 1969-80-cı illərdə Bakı şəhəri Mərkəzi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Baş həkimi vəzifələrində çalışmışdır.
1969-75-ci illərdə Bakı şəhəri Nəsimi rayonu üzrə rayon sovetinə deputat seçilmişdir.
1971-ci ildə dissertasiya müdafiə edərək, elmlər namizədi adını almış və Tibb institutun Sosial Gigiyena kafedrasında mühazirələr oxumuşdur. Tibb elmi sahəsində məqalələr və kitabları dərc olunmuşdur.
Ə.M. Məmmədov 1980-cı ildən ömrünün son gününədək Bakı şəhəri 16 saylı şəhər poliklinkasının Baş həkimi vəzifəsində çalışmışdır.
07 avqust 1989-cu ildə vəfat etmiçdir. Allah rəhmət eləsin.


Əli Əsəd oğlu Quliyev -
Quliyev Əli Əsəd oğlu 1950-ci ildə Ermənistan Respublikasının Mehri rayonunun Aldərə kəndində anadan olmuşdur. 1957-ci ildə Aldərə kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 1967-ci ildə S.Vurğun adına Aldərə kənd orta məktəbini Qızıl medalla bitirmişdir.
1968-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutun Riyaziyyat fakultəsinə daxil olub, 1972-ci ildə həmin institutu bitirmişdir. Təyinatla əlaqədar olaraq, həmin ilin avqust ayından Xaçmaz rayonuna işləməyə göndərilmişdir. 1972-ci ilin avqust ayının 15-dən 1982-ci ilə kimi Xaçmaz rayonunun Qaradağlı kənd məktəbində riyaziyyat müəllimi işləmişdir. İşlədiyi müddət ərzində məktəbin və kəndin ictimai işlərində fəal iştirak etmişdir. İctimai işlərdə fəal iştirakına görə 1980-cı ildə ÜİLKGİ MK-nın və 1981-ci ildə Xaçmaz Rayon Partiya Komitəsinin fəxri Fərmanları ilə təltif olunmuşdur.
1982-1985-ci illərdə Xaçmaz rayon Hülövlü kənd XDS İcraiyyə Komitəsinin Sədri, 1985-1997-ci illərdə Xaçmaz rayonu “Şəfəq” sovxozu Həmkarlar İttifaqı Komitəsinin Sədri, 1997-2002-ci illərdə ƏƏSMN-nin Əlillərin Sosial Müdafiəsi Fondunun Xaçmaz rayon şöbəsində Baş müfəttişi vəzifələrində işləmişdir. İşləməklə yanaşı təhsilinin də artırılmasına daim diqqət yetirmişdir. Belə ki, 1979-1981-ci illərdə Xaçmaz rayon Partiya Komitəsinin göndərişi əsasında Azərbaycan KP MK-nın Marksizm-Leninizm Universitetini və 1985-1988-ci illərdə “Şərəf Nişanı” ordenli Quba Sovxoz Texnikumunu bitirmişdir.
1999-cu il bələdiyyə seçkilərində Xaçmaz rayonu Qaradağ-Buduq bələdiyyəsinə üzv seçilmişdir.
1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
O, 2003-2007-ci illərdə Xaçmaz şəhər 1 saylı Mənzil İstismar Sahəsində Baş mühəndis, şöbə rəisi vəzifələrində işləmişdir. 2007-2009-cu illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondun Quba-Xaçmaz regionu üzrə nümayəndəliyində Aparıcı məsləhətçi işləmişdir.
O, 2009-cu ilin 01 iyun tarixdən hal-hazıra kimi Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Quba-Xaçmaz regipnal bölməsində Aparıcı məsləhətçi vəzifəsində çalışır.
Əli Quliyev 2-ci dərəcəli dövlət qulluqçusudur.
Ailəlidir. 3 övladı, 6 nəvəsi vardır.


Arzu Oktyabr qızı Heydərova -
Fövqəladə Halar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qüvvələrinin İdarəetmə Mərkəzinin rəis müavini daxili xidmət polkovnik-leytenantı.








Fərəcbəy Feyzullabəy oğlu Hüseynbəyov -
1882-ci ildə Zəngəzur mahalı, Meğri rayonunun Əldərə kəndində anadan olmuşdur. Hələ uşaq yaşlarından ata-anasmı itirmişdir. Maddi vəziyyətinin ağırlaşdığını görən Fərəcbəy evdən çıxıb çörək pulu qazanmaq üçün Bakıya gəlir. Balaxanı-Ramana neft mədənlərində ən ağır işlərdə işləməyə başlayır. Öz biliyi, çalışqanlığı və işgüzarlığı nəticəsində mədəndə müəyyən vəzifə sahibi olur. Əvvəllər prikazçik, böyük prikazçik, istismar üzrə mühəndis, sonralar sahə rəisi vəzifələrində işləmişdir. Ağsaqqalların dediklərinə görə, Fərəcbəy öz kəndindən, habelə Meğri rayonunun Nüvədi, Leyvaz və başqa kəndlərdən Bakıya gələn, evsiz-eşiksiz olan onlarla adamı işə düzəltmiş və çoxlarını da himayəyə götürmüşdür. Onun bu xeyirxahlığını nəvələri indi də ehtiramla danışıb yad edirlər. Respublikamızın neft sənayesinin inkişafındakı fəaliyyətinə görə F.Hüseynbəyov 1944-cü ildə "Qafqazın müdafiəsinə görə" medalı, 1947-ci ildə Azərbaycan Ali Sovetinin Fəxri fərmanı, 1947-ci ildə "Döş nişanı", 1951-ci ildə Lenin ordeni, "Böyük Vətən müharibəsində fəal əməyə görə" medalı ilə təltif edilmişdir. Fərəcbəy Hüseynbəyov 1959-cu ildə 74 yaşında Bakıda vəfat etmişdir. Fərəcbəyin iki oğlu, bir qızı, nəvə və nəticələri var. Nadir və Feyzulla Hüseynbəyovlar onun oğlanlarıdır.

Nadir Fərəcbəy oğlu Hüseynbəyov -1929-cu ildə Bakıda anadan olmuşdur. 1955-ci ildə Yerquruluşu Mühəndisləri İnstitutunu bitirib. Müxtəlif vəzifələrdə işləmişdir. 1969-1985-ci illərdə Respublika Kənd Təsərrüfatı nazirinin birinci müavini vəzifəsində işləmişdir. 1976-1977-ci illərdə nazir vəzifəsini icra etmişdir. 1989-cu ildə Baş Bitkiçilik İdarəsinin rəisi olmuşdur. 1992-ci ildə Kosmos Agentliyinin Ekologiya Elmi-Tədqiqat İnstitutunda işləmişdir. Bunlardan başqa N.Hüseynbəyov bir çox məsul vəzifələrdə çalışmışdır. Aqrar sahədəki fəaliyyətinə görə iki "Qırmızı Əmək Bayrağı" və "Xalqlar Dostluğu" ordenlərinə, çoxlu hökumət medallarına, İttifaqın Xalq Təsərrüfatı Nailiyyətlər sərgisinin 4 qızıl, 5 gümüş, 8 bürünc medalına layiq görülmüşdür. Ona respublikanın əməkdar kənd təsərrüfatı mühəndisi fəxri adı verilmişdir. Ailəlidir, üç övladı, altı nəvəsi var.

Firudin Qulu oğlu Ağayev -1898-ci ildə Meğri rayonunun Əldərə kəndində anadan olmuşdur. 1913-cü ildə işləmək üçün Bakı şəhərinə gəlir. Neft mədənlərində müxtəlif vəzifələdə işləsə də, onun fikri maşinist olmaq idi. O, işdən sonra dəmiryol vağzalında olan körpüyə (o körpü son vaxtlara qədər dururdu) gələr və oradan parovozlara böyük maraqla tamaşa edərdi. 1918-ci ildə Firudin Ağayev maşinist olmaq qərarına gəlir. O, dəmir yolunda müxtəlif vəzifələrdə işlədikdən sonra arzusuna çatır. 1921-ci ildə Tiflisdə imtahan yerib birinci dərəcəli maşinist adı alır və işləməyə başlayır.F.Ağayev Böyük Vətən Müharibəsi illərində cəbhəyə və xalq təsərrüfatına aid yükləri artıqlaması ilə daşıdığına görə, 5 noyabr 1943-cü ildə Azərbaycan üzrə birinci olaraq Sosialist Əməyi Qəhrəmanı adına layiq görülür. 1943-cü ildə Tehran konfransında iştirak etmək üçün İ.Stalin Bakıya gəlir. Deyilənlərə görə Dərbənddən Bakıya üç zirehli qatar buraxılır. Üçüncü qatarda İ.Stalin olur. Həmin qatarı həmyerlimiz maşinist Firudin Ağayev idarə edirdi. Platformada İ.Stalin vaqondan çıxır və Mircəfər Bağırovla görüşür. Sonra maşınlara minib gedirlər. Firudin Ağayev respublikanın ictimai həyatında fəal iştirak edib. Respublika Ali Sovetinə üç dəfə deputat seçilmiş, üç dəfə Lenin ordeninə layiq görülmüş və bir çox orden və medalla təltif olunmuşdur. Bakıda onun adına küçə var.

Abbas Məmməd oğlu Bağırov -1913-cü ildə Meğri rayonunun Aldərə kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Azərbaycan Dəmir Yolunda başlamışdır. İxtisasca hərəkət və yük işləri mühəndisi idi. O, yüksək bilik və bacarığı sayəsində həmişə rəhbər vəzifələrdə işləmişdir. 1939-cu ildə dəmir yolu Gəncə hissəsinin rəisi, 1952-1953-cü illərdə Azərbaycan Dəmir Yolunun rəisi, 1953-1955-ci illərdə Zaqafqaziya Dəmir Yolunun rəisinin müavini vəzifələrində işləmişdi. 1963-1967-ci illərdə Zaqafqaziya dəmir yolu Bakı hissəsinin rəisi, 1967-1979-cu illərdə isə Azərbaycan Dəmir Yolunun rəisi olmuşdur. Bacarıqlı təşkilatçı, ciddi və tələbkar olan A.Bağırov Azərbaycan dəmir yoluna 18 ildən çox rəhbərlik etmişdir. O, dəmir yolunun səmərəli və məhsuldar işləməsini təmin etmək üçün bacarığını əsirgəməmişdir. Bakı və Biləcəri depolarının yenidən qurulmasına, orada parovoz və elektrovoz təsərrüfatı sexlərinin tikilməsinə böyük zəhmət sərf etmişdir. A.Bağırov Gəncə Azərbaycan dəmir yolu işçiləri arasında deyil, eləcə də keçmiş SSRİ Yollar Nazirliyinin rəhbər işçiləri arasında böyük hörmət və nüfuza sahib idi. O, dəfələrlə SSRİ Ali Sovetinə deputat, Azərbaycan KP MK-ya üzv seçilmişdir.

Həzrətqulu Məhəmmədəli oğlu Əhmədov -1898-ci ildə Meğri rayonunun Əldərə kəndində anadan olmuşdur. H.Əhmədov 1915-ci ildə Bakıya gəlir və Bibi-Heybət mədənlərində işə düzəlir. Bir müddət işlədikdən sonra onda dəmir yolunda işləmək arzusu baş qaldırır. O, 1919-cu ildə Qafqazyanı Dəmiryolunun Bakı deposunda işə daxil olur və müxtəlif vəzifələrdə işləyir. İşdə özünü işgüzar və bacarıqlı işçi kimi göstərir. Onun bacarıq və işgüzarlığı nəzərə almaraq, 1930-cu ildə Bakı Dəmiryol Texnikumuna direktor təyin edilir. O, 1936-cı ilə qədər bu vəzifədə işləyir. 1937-ci ildən isə maşinist-təlimçi vəzifəsində fəaliyyət göstərir. 1962-ci ildən 1975-ci ilə qədər olan dövrdə qatar briqadiri vəzifəsində işləyib. H.Əhmədov işlədiyi dövr ərzində təkcə öz işini görməklə kifayətlənməyib, həm də bacarığı nəticəsində qatarların hərəkətinə yenilik gətirib. O, parovozun qaçma normasını 10 dəfə artırmağa nail olub. Onun bu yeniliyi barədə "Bakı fəhləsi" qəzeti 1938-ci ildə böyük bir yazı verib və bu ixtira yüksək qiymətləndirilib. H.Əhmədovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilərək orden və medallarla təltif edilmişdir. Onu da qeyd etmək lazımdır ki, H.Əhmədov doğulduğu kəndə böyük həvəslə gedərdi. Kəndin səfalı yaylaqlarını, suyu buz kimi soyuq olan dağlarını, məhsuldar bağlarını gəzməkdən doymazdı. O həm də şirin söhbətləri ilə həmyerliləri arasında böyük hörmətə malik ağsaqqal idi. Yerlilərinə qarşı çox diqqətcil olub və onların işlərinə köməklik göstərib. Onun həyat yoldaşı Mehparə xanım da həmyerlilərinə qarşı səmimi və mehriban idi. Onların hər ikisinə Allah rəhmət eləsin. Qızı Fatima xanım Əhmədova uşaqların sağlam böyüməsinə qayğı göstərən mehriban uşaq həkimidir. Oğlu Əhməd Əhmədov texnika elmləri doktorudur.

Məmməd Qurban oğlu Qurbanov -1911-ci ildə Meğri rayonunun Aldərə kəndində anadan olmuşdur. O, 1924-cü ildə Bakıya gəlib Dəmir Yolu Məktəbində təhsil alır. Məktəbi qurtardıqdan sonra dəmiryol deposunda işləməyə başlayır. Bir müddət işlədikdən sonra təhsil almaq üçün Stalinqrad şəhərinə gedir və orada təyyarəçilik məktəbini bitirir. 1940-cı ildə Kirovabadda Müəllimlər İnstitutunu əla qiymətlərlə qurtarır. 1946-1949-cu illərdə Moskvada Ali Partiya Məktəbində təhsilini başa vurur. M.Qurbanov yüksək dövlət vəzifələrində işləmişdir. 1954-1955-ci illərdə Bakı şəhər Partiya Komitəsinin birinci katibi, 1955-1960-cı illərdə Azərbaycan Respublikasının Mədəniyyət naziri, 1965-1966-cı illərdə Kinematoqrafiya Dövlət Komitəsinin birinci müavini, 1966-cı ildən 1972-ci ilə qədər Azərbaycan Kinematoqrafiya Dövlət Komitəsində sədr vəzifəsində işləmişdir. M.Qurbanov işlədiyi illər ərzində bir çox hökumət mükafatları ilə təltif olunmuşdur.

Səməndər Mirmahmud oğlu Seyidov -1932-ci ildə Meğri rayonunun Aldərə kəndində anadan olmuşdur. Orta təhsilini Gəncə dəmiryol məktəbində qızıl medalla başa vurmuşdur. 1951-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyası) daxil olur. İnstitutu 1956-cı ildə bitirmiş və dağ-mühəndis geoloqu ixtisasına yiyələnmişdir. Təyinatla indiki "Binəqədineft" neft-qazçıxarma idarəsinə göndərilmişdir. Otuz il həmin idarədə müxtəlif vəzifələrdə - geoloq, böyük geoloq və mədən müdiri işləmişdir. 1968-ci ildə "Binəqədineft" neftçıxarma idarəsinin baş geoloqu-rəis müavini vəzifəsinə irəli çəkilmişdir. 1985-1987-ci illərdə "Suraxanmeft" neftçıxarma idarəsində baş geoloq vəzifəsində işləmişdir. O, 1984-cü ildə dissertasiya müdafiə edib geologiya-mineralogiya elmləri namizədi adı almışdır. S.Seyidov 1987-ci ildə Azərbaycan Dövlət Neft sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunda elmi fəaliyyətə başlamış və bu yaradıcılıq işi indi də davam edir. S.Seyidovun neft sənayesindəki xidmətləri yüksək qiymətləndirilmiş, orden və medallarla təltif olunmuşdur. Səməndər müəllim həm də qayğıkeş ailə başçısıdır. Onun iki oğlu, bir qızı və altı nəvəsi var.

Məmmədhüseyn Abbas oğlu Məmmədov -1897-ci ildə Meğri rayonunun Əldərə kəndində anadan olmuşdur. Kiçik yaşında olarkən işləmək üçün Bakı şəhərinə gəlir və Bibi-Heybət mədənlərində işləməyə başlayır. Neft mədənlərində bir müddət işlədikdən sonra, o, dəmir yolunda işləmək fikrinə düşür. Bu fikir onda günü-gündən artmağa başlayır. Beləliklə, o, Bakı dəmir yolunda işə düzəlir və müxtəlif sahələrdə çalışır. M.Məmmədovun işə can yandırmasını nəzərə alaraq, onu Bakı sərnişin qatarında rəis vəzifəsinə irəli çəkirlər və ömrünün son günlərinə qədər bu vəzifədə işləyir. İşlədiyi müddət ərzində yaxşı işinə görə döş nişanı və fəxri fərmanlarla təltif olunmuşdur. 1972-ci ildə dünyasını dəyişmişdir.

Qiyas Həsənqıılu oğlu Hacıyev.1937-ci ildə Meğri rayonunun Aldərə kəndində anadan olmuşdur. Kənd orta məktəbini 1954-cü ildə qızıl medalla başa vurub, həmin ildə də Məşədi Əzizbəyov adına Neft və Kimya İnstitutuna daxil olmuşdur. 1959-cu ildə İnstitutu bitirib təyinatla Hövsan qəsəbəsində yerləşən Elektro-Mexanik İnstitutunda işləməyə başlayır. Onun işgüzarlığı və biliyi nəzərə almaraq, baş direktorun müavini vəzifəsinə irəli çəkilir. 1982-ci ildən ömrünün axırına qədər bu vəzifədə işləmişdir. Q. Hacıyev Hövsanda yaşayan həmyerlilərinə qarşı diqqətli olmuş və onların institutda işə düzəlmələrinə yaxından kömək etmişdir. 2002-ci ildə dünyasını dəyişmişdir. Allah rəhmət eləsin. İki oğlu, bir qızı və nəvələri vardır

Fərhad Həmzə oğlu Fərəcov1936-cı ildə Mehri rayonunun Aldərə kəndində anadan olmuşdur. 1954-cü ildə orta məktəbi qurtarıb, həmin ildə də Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Universiteti qurtardıqdan sonra "Maarif' nəşriyyatında redaktor vəzifəsində işləmişdir. Fərhad Həmzə oğlu Fərəcov F.Fərəcov 1973-cü ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1973-cü ildə respublikada fəaliyyət göstərən altı nəşriyyatdan birinə - "İşıq" nəşriyyatına direktor vəzifəsinə göndərilmiş və on il burada işləmişdir. Bu illər ərzində istər respublikada, istərsə də Moskvada nəşr etdirdiyi kitabların poliqraf və tərtibatına aid 25 diplom almışdır. 1982-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında redaksiya müdiri vəzifəsində çalışmışdır. 1978-ci ildə keçmiş SSRİ Jurnalistlər İttifaqı üzvülüyünə (indiki Azərbaycan Jurnalistlər Birliyi) daxil olmuşdur. Son illərdə "Mədəniyyət" qəzetində müxbir vəzifəsində fəaliyyət göstərmişdir. Elmi-kütləvi ədəbiyyata aid üç kitab və tərcümə ədəbiyatına aid kitabın müəllifidir. Hazırda əmək veteranıdır.

Səməd Oruc oğlu Hüseynov -1938-ci ildə Mehri rayonunun Aldərə kəndində anadan olmuşdur. Kənd orta məktəbini 1956-cı ildə medalla başa vurub, həmin ildə də Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyası) daxil olmuşdur. Texnika elmləri doktoru, professor Səməd Hüseynov 1961-ci ildə institutu bitirdikdən sonra müxtəlif vəzifələrdə işləmişdir. 1966-cı ildə müsabiqədən keçərək Azərbaycan Politexnik İnstitutunda assisent vəzifəsində işləməyə başlamışdır. 1973-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1977-ci ildə dosent əvəzi, 1979-cu ildə dosent vəzifəsində işləmişdir. 1991-ci ildə Moskva Energetika İnstitutunda doktorluq dissertasiyası müdafiə etmiş və 1992-ci ildə Azərbaycan Texniki Universitetində kafedra müdiri seçilmişdir. S.Hüseynovun rəhbərliyi ilə 12 elmlər namizədi müdafiə etmişdir. 140 elmi məqalənin müəllifidir. Bu məqalələr ölkənin müxtəlif elmi jurnallarında çap olunmuşdur.

Şahmarbəy Həsənqulubəy oğlu.- Müsavat vaxtı hərbi məktəbin rəisi olub. 1921-1922-ci illərdə İrandan qaraçılar Cəbrayıl, Füzuli, Zəngilan rayonlarına basqınlar ediblər.Bunun qarşısını almaq üçün Azərbaycan höküməti ordu təşkil etmişdir. Bu orduya birinci Şirvan korpusunun komandiri polkovnik Şahmarbəy başçılıq edib. Bundan əlavə, Şahmarbəy birinci Şirvan diviziyasının da, komandiri olub. Ordu İrana doğru gedib. Rəşt-Ənzəli müharibəsi həmin vaxta təsadüf edir. Burada Şahmarbəy ağır yaralanır. O, əsgərlərə deyir ki, yaram ağırdır, ölsəm məni dəfn edin, özünüz Azərbaycana qayıdın. Öz xahişinə görə papağını, qızıl vəznəli qılıncını və poqonlarını Ordubadda atası Həsənqulubəyə çatdırıblar. Onun ailəsini sürgün edən zaman sandıqdan çıxan poqonlar ailəni sürgündən xilas edib. Sonra onlar İrana keçiblər.
 

Yura Xaspolad oğlu İsmayılov.- Əldərəli Xaspolad İsmayılovun oğludur. General-leytenant, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı. Moskva altında məxfi silahların istifadəsi üzrə mütəxəssis olub. 1984-cü ilin əvvəllərində məlumata əsasən bacısı Məlahət "İnvestisiya" qəzetində işləyib.
 

Şəhriyar Heydər oğlu Muxtarov.- Polkovnik. Həkim.1941-1945-ci illər Böyük Vətən müharibəsindən qayıtmayıb. Həyatı haqqında məlumat yoxdur.
 

Fərəc Həmzə oğlu Fərəcov.- 1924-ci ildə Mehri rayonunun Aldərə kəndində anadan olmuşdur. 1940-cı ildə kənd orta məktəbini qurtardıqdan sonra Mehri rayonunda komsomol komitəsində şöbə müdiri. Sonra isə 2-ci katib vəzifələrində işləmişdir. 1942-ci ildə hələ çağırış yaşı tamam olmamış könüllü olaraq ərizə yazıb, ordu sıralarına getmişdir. Orada hərbi məktəbdə oxuyaraq leytenent rütbəsini almışdır. O, zabit kimi Zaqafqaziya cəbhəsində 370-ci alayında Ukrayna cəbhəsinin 77-ci atıcı diviziyasında vuruşmuşdur.
 

Məhəmməd Məşədi İldırım oğlu Əliyev.- Polkovnik. Həkim. Son iş yeri Yaltadakı zabitlər sanatoriyasında rəis vəzifəsində işləyib. Orada da dünyasını dəyişib.
 

Vəli Məhəmməd oğlu Vəliyev.- 1926-cı ildə Mehri rayonunun Aldərə kəndində anadan olmuşdur. 1943-cü ildə kənd orta məktəbini əla qiymətlərlərə başa vurduqdan sonra Nüvədi kəndinə müəllim göndərilir. Bu illər müharibənin ən dəhşətli illəri idi. 1943-cü ildə V.Vəliyev ordu sıralarına çağırılır. Gürcüstanın Qori şəhərində xidmətə başlayır.1945-ci ildə Gürcüstanına Laqodexi şəhərində yerləşən Zaqafqaziya Hərbi Dairəsində atıcılıq məktəbinə göndərilir. 1946 ci il 100 müdavim o cümlədən Vəli Vəliyev Aficala poliqonuna ezam olunur,və dünyada məşhur olan KALAŞNIKOV avtomatını ilk dəfə sinaqdan geçirirlər.1946-1947 ci ildə Suxum Hərbi Artileriya Məktəbinə daxil olur,(S.H.A.M.) Məktəbi qurtardıqdan sonra leytenant rütbəsində azərbaycanlılardan təşkil olunmuş diviziyada işləməyə başlayır.
1947-ci ildə Bakı şəhərində yerləşən 402-ci atıcı diviziyasına göndərilir, Divizyada Artireliya Divizyonunun batareya komandiri kimi çalışır. 1954-1958-ci ildə Moskvada Hərbi-Siyasi Akademiyanı bitirib. 1958 -1962-ci ildə Nefçalada yerləşən N sayli hərbi hissə komandirinin siyasi işlər üzrə müavini, 1962-ci ildə Azərbaycan Respublikasının hərbi komissarlığında siyasi şöbə rəisinin müavini, 1965-1969-ci ildə Qusar rayonunda hərbi komissar, 1969-1974-cü ildə Naxçıvan Muxtar Respublikasinin hərbi komissari, 1974-1982-ci ildə Azərbaycan Republikasi hərbi komissarlığın 3-cü şöbə rəisi vəzifəsində son xidmətini edir.Ehtiyatda olan polkovnik idi. 1982-1988-ci ildə Azərbaycan Respublikasi Mərkəzi Komitənin Cavabdeh Əməliyyat hissə növbətçisinin rəisi, 1988-2010-cu ilə qədər Azərbaycan Dövlət Mədəniyyət ve İncəsənət Universitetinin Kadrlar şöbəsinin rəisi işlemişdir. Eyni zamanda Respublika Veteranlar şurasının üzvü, Respublika Veteranlar şurasi yaninda 1941-1945-ci il abidələrinin qoruması üzrə Dövlət komissyasının sədri vəzifələrində çalışıb. 2010 - cu il avqustun 31-də vəfat etmişdir. Allah rəhmət etsin.
 

Qeyibqulu Qurbanəli oğlu Həsənov.-1924-cü ildə Mehri rayonunun Aldərə kəndində anadan olmuşdur. Orta təhsilini kənd orta məktəbində almışdır. 1942-ci ildə Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibənin ən ağır illərində atıcı vzvod komandiri olmuşdur. 1945-ci ildə iki dəfə yaralanmışdı. Müharibə qurtarandan sonra Almaniyada xidmət etmişdir. 1973-cü ildə Mərdəkanda yerləşən "Günəşli" sanatoriyasına rəhbərlik etmişdir.
 

Kərim İbrahim oğlu Əsgərov.-1926-cı ildə Mehri rayonunu nAldərə kəndində anadan olmuşdur. Aldərə kənd orta məktəbini qurtardıqdan sonra Nüvədi kəndində 2 ilə yaxın müəllim işləmişdir. 1944-cü ildə Sovet ordu sıralarına çağırılmış və Mozdok şəhərində gedən ağır döyüşlərdə ioçtirak etmişdir.

Cəmşid Əziz oğlu Həsənov.- - 7 yanvar 1925-ci ildə Mehri rayonunun Aldərə kəndində anadan olmuşdur. 1940-cı ildə kənd orta məktəbini qurtardıqdan sonra 1942-ci ilə qədər rayonun Nüvədi kəndində müəllim işləmişdir. 1942-ci ildə ordu sıralarına çağırılmış və 1944-cü ilədək Böyük Vətən müharibəsində vuruşmuşdur. Ukraynada gedən ağır döyüşlərin birində yaralanmış və əlil kimi ordudan tərxis olunmuşdur. Vətən qarşısındakı xidmətlərinə görə orden və medallarla təltif olunmuşdur. 1944-1946-cı illərdə rayon Mədəniyyət şöbəsində şöbə müdiri işləmişdir. 1946-cı ildən 1950-ci ilədək Mehri rayonunun Aldərə kəndində Sovet sədri olmuşdur. 1950-1953-cü illərdə Aldərə partiya təşkilatı katibi vəzifəsində çalışmışdır. 1956-cı ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir.1956-cı ildən 1977-ci ilədək rayonun Aldərə kəndində kolxoz sədri vəzifəsində işləmişdir. 1978-1980-cı illərdə rayon Kənd Təsərrüfatı İdarəsində baş aqronom, 1981-1988-ci illərdə rayon Əmanət Bankının kənd şöbəsində müdir-nəzarətçi, 1993-2000-ci illərdə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində iqtisadçı, Zəngilan rayon nümayəndəsi vəzifələrində çalışmışdır. 2000-ci ildə Məkkə ziyarətinə getmiş və Hacı olmuşdur. 2002-ci ildə dünyasını dəyişmişdir. 4 övladı- 3 oğlu, 1 qızı və nəvələri var.

.Həsən Cəmşid oğlu Əzizov.- 1949-cu ildə Mehri rayonunun Aldərə kəndində anadan olmuşdur. 1966-cı ildə kənd orta məktəbini qızıl medalla bitirmiş və həmin ildə də Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültsinə daxil olmuşdur. 1971-ci ildə hərbi xidmətə getmiş, 1974-cü ildə Respublika Hərbi Komissarlığında xidmət etmişdir. 1993-cü ildə hərbi hissəyə göndərilmiş və qərargah rəisi vəzifəsində işləmişdir. H.Əzizov 1996-2002-ci illərdə Nərimanov rayon Hərbi Komissarlığında komissar müavini vəzifəsində işləyib. Işlədiyi müddətdə yaxşı işinə görə medal və fəxri fərmanla təltif olunmuşdur. 2002-ildən Müdafiə Nazirliyinin təqaüdçüsüdür.

Nuşiravan Qasımxan oğlu Səfərov. -Podpolkovnik. 1959-cu ildə Mehri rayonunun Aldərə kəndində anadan olmuşdur. 1976-cı ildə orta məktəbi bitirmiş və həmin ildə də Azərbaycan Poltexnik İntitutuna daxil olmuşdur. N.Səfərov 1981-ci təyinatla Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) sərəncamına göndərilir və bu günə qədər orada çalışır.

Səfərəli Cəfər oğlu İbrahimov -Səfərəli müəllim 1931-ci Mehri rayonunun Aldərə kəndində dünyaya göz açıb. Ali təhsilli dil-ədəbiyyat müəllimidir. Uşaqlıq illəri Böyük Vətən müharibəsi illərinə təsadüf edir. Cəbhəyə gedən atalarımızın yerinə o, öz yaşıdları ilə ağır təsərrüfat işlərində də çox çalışıb. On beş yaşında “Böyük Vətən müharibəsi illərində fədakar əməyə görə” medalı ilə təltif olunur. Səfərəli İbrahimov 1949-cu ildə Kirovabad Pedoqoji İnstitutuna (Gəncə) qəbul olunaraq 1953-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1954-cü ildə Ağdam rayonunun Qərvənd kəndində dil-ədəbiyyat müəllimi kimi fəaliyyətə başlayıb. Burada bir müddət işləyib, öz doğma kəndinə qayıdır. 1955-ci ildə Aldərə kənd məktəbinin direktoru təyin edilir. 24 yaşlı bu gənc nə az, nə çox düz 34 il məktəb direktoru vəzifəsində böyük uğurla çalışaraq, elmimizin, təhsilimizin inkişafı üçün misilsiz xidmətlər göstərir. Bu illər ərzində Aldərə məktəbi birincilər sirasına yüksəlir. Səfərəli müəllim fədakar əməyi sayəsində şagirdlərin 80-90%-i ali məktəblərə qəbul olunur. Indi onlardan 20 nəfərdən çoxu elmlər namizədi, elmlər doktoru və professorlardir. Səfərəli müəllim iş təcrübəsinin yayılması üçün o vaxtkı Maarif Nazirliyi və Müəllimləri Təkminləşdirmə İnstitutu kollegiyaları qərar qəbul etmişdilər. Bu illər ərzində Səfərəli müəllim iki dəfə kənddə yeni məktəb binası tikdirməyə naıl olmuşdur. Hər cür şəraiti olan məktəb binasında şagirdlərimiz, müəllimlərin doğma, ilıq nəfəsləri ilə əhatə edilərək, mükəmməl biliyə yiyələnə bilmişlər. Səfərəli müəllim şagirdlərini həmişə öz doğma övladları qədər sevib, onlara öz balaları kimi yanaşıb. Bu sevgi, bu səmimi münasibət nəinki şagirdləri tərəfindən, həmçinin dövlət tərəfindən də həmişə qiymətləndirilib. O, əməkdar müəllim fəxri adına və bir çox fəxri fərmanlara layiq görülüb. Səfərəli müəllimin uğurlu fəaliyyətlərindən biri də onun Aldərə kənd məktəbinə xalq şairi, ölməz sənətkar Səməd Vurğunun adının verilməsində göstərdiyi xidmətlərdir. Onun çox böyük əziyyətləri sayəsində şairin möhtəşəm abidəsi məktəbin həyətində ucalıb. O zaman abidənin açılışında görkəmli yazıçılarımızla bərabər, şairin övladları da iştirak edərək, məmnun qalıblar. Hətta Yusif Səmədoğlu etiraf edib ki, Bakıda olan abidədən sonra bu ən gözəl, ən əzəmətli bir sənət əsəridir ki, Səməd Vurğunun adina layiq. Dörd övlad, doqquz nəvə, beş nəticə babası olan Səfərəli İbrahimov insan övladına həyatda nə lazımdırsa, onların hamısına nail olub.


Cəmil Camal oğlu Hacıyev -
1934-cü il yanvarın 7-də Aldərə kəndində doğulmuşdur. 1942-ci ildə orta məktəbin birinci sinfinə daxil olmuşdur. 1952-ci ildə məktəbin 10-cu sinfini bitirmiş və 2 il kolxoz təsərrüfatında işləmişdir. 1954-cü ildə İrəvan Dövlət Pedoqoji insititutuna daxil olmuşdur. 1959/1960-cı ildə insititu bitirmişdir. 1960-1969-cu illərdə Aldərə kənd orta məktəbində müəllim işləmişdir. 1969-cu ildən Bakı şəhəri Nəsimi rayonunun 44 saylı orta məktəbinde riyaziyyat müəllimi işləmişdir. İşlədiyi müddətdə “Azərbaycan Respublikasının qabaqcıl maarif xadimi” döş nişanı, “Metodist müəllim”, “Ali kateqoriyalı” müəllim, Təhsil nazirliyinin fəxri fərmanına layiq görülmüşdür. “Bərabərsizliklərin və tənliklərin həlli”,“Həndəsə məsələlərinin həlli”, “Üstlü loqarifmik ve triqanometrik berabersizliklerinin helli” metodisi kitablarının müəllifidir.


Cabir Camal oğlu Hacıyev -
1937-ci il yanvarın 15-ində Aldərə kəndində doğulmuşdur. 1944-cü ildə birinci sinfe getmiş, 1954-cü ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət pedoqoji institutuna daxil olmuşdur. 1959-cu ildə institutu bitirmişdir.1959-1961-ci illərdə Zəngilanda müəllim işləmişdir. 1963-cü ilə qədər əsgəri xidmətdə olmuşdur. 1964-cü ildən Bakı şəhərində orta məktəb müəllimi işləyir. İşlədiyi müddətdə Nəsimi rayonunun ştatdan kənar metodisti işləmişdir. Metodist müəllim adı almışdır.
İlin ən yaxşı fənn kabineti müsabiqəsində birinci yeri tutmuşdur. 1999-cu ildə qabaqcıl iş təcrübəsi rayonda öyrənilmiş və yayılmışdır. 2003-cü ildə X-XI siniflər üçün yazılmış həndəsə kitablarının müəlliflərindən biridir. Mehdizadənin Xalq təhsilinin Azərbaycanda çiçəklənməsi kitabında xüsusı olaraq adı çəkilmişdir. 2003-cü ildə Bakıda Azərbaycan müəllimlərinin XII qurultayının nümayəndəsi olmuşdur. “Azərbaycan Respublikasının qabaqcıl Maarif xadimi” döş nişanı, “Metodist Müəllim”,”Ali koteqoriyalı müəllim” kimi şərəfli adlara layiq görülmüşdür. “Əmək Veteranı”, Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

18 Aprel 2015
3393 dəfə oxunub
 
 



 

Reklam
Sizin reklam burada
info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur