Reklam



Biz qaçandan sonra Mehri rayonunda nələr olub Həzrətqulu Əhmədov
Biz qaçandan sonra Mehri rayonunda nələr olub

Həzrətqulu Əhmədov

1920-ci ililn noyabr ayında Ermənistanda Şura hökuməti quruldu.Uzun vaxtlar haqsız tökülən qanların qabağı alındı. Bütün Zaqafqaziyada axırıncı nöqtə Mehri rayonu olub.

Zəngəzurda və Mehri rayonunda bir çox azərbaycan kəndlərinin əhalisini qırıb yox edən Nijdeh adında bir daşnak var idi. Deyilənlərə görə bu adam Naxçıvanda bir keşiş ailəsində anadan olub. Zəngəzurda daşnak hökumətinin başçısı imiş, yırtıcılıqda misli bərabəri yox imiş.

Ermənilərin dediyinə görə bu adam erməmilərə də qan uddururmuş. Bolşeviklər Kafanda olmasına baxmayaraq döşünə döyüb deyirmiş: Nə qədər ki Nijdeh sağdır, bütün Rusiya gələ yenə də bizə gücü çatmaz. İşdən doğru bir xəbər gətirmək üçün Galır kəndindən Qafana bir erməni göndərir ki, get bizə bir xəbər gətir. Bu yazıq qayıdıb deyir ki, doğrudan da Qafanda Qızıl ordu hissələri var, özləri də rusdular. Bu sözü eşidən nijdeh tapançasını çıxarıb erməniyə beş güllə vurur və deyir ki, köpək oğlunun gedib mənə xəbər gətirməyinə baxın. Bu itin ölüsünü atın eşiyə, basırmayın qoyun itlər yesin. Nijdeh hələ ölməyib ki, bura rus gəlsin.

Bolşevik ermənilərin dediyinə görə bu adam gec-tez hər yerdə şura hökumətinin olmasını bilirmiş. Onların dediyinə görə Nijdeh çox yaxın inandığı daşnaklara demişmiş ki, siz iclaslarda, daldalarda çıxış edib daşnakları pisləyin, mən tək-tək sizi həbs edəcəyəm, bolşeviklər gələndə sizi həbsdən çıxarıb iş başına qoyacaq, yenə də iş öz əlimizdə qalar. Elə də edirmişlər.

Öz millətini və azərbaycanlıları qırğına verən bu qaniçən bolşeviklər gəlməmiş Mehri rayonununn Kərçivan kəndinin qabağından Araz çayını keçib İrana qaçır, qana boyanmış mauzerini iran sərbazlarına verməyə məcbur olur.

Ermənilər deyir ki, siz qaçdıqdan sonra biz çox korluq çəkdik. Hər tərəf üzümüzə bağlı idi. Nə Ordubada nə də Zəngilana gedə bilirdik. Neft, duz, şəkər, pal-paltar tapılmırdı, çörəyimiz çatmırdı. Əgər İrandan bizə kömək etməsəydilər büs-bütün qırılardıq. İranlılar hər şey gətirdilər, canımızı qurtardılar. Evdən çıxa bilmirdik, hər kol-kos, qaraltı bizə adam şəklində görünürdü. İşə gedəndə qaravul qoyurduq. Axırda davam gətirməyib yuxarı Dağ Mallevə getdik. Onlar deyirdilər ki, daşnaklar bizə deyirdilər ki, evləri yandırın, bağların meyvə ağacını kəsib yandırın, kəndi elə bir xaraba hala qoyun ki, türklər, azərbaycanlılar gəlib burada qala bilməsinlər, vəziyyəti belə görüb geri qayıtsınlar. Biz üç il dağa odun gətirməyə getmədik, bağları kəsib yandırdıq, yanmayan damları söküb, nərə-nərdisini də odun kimi yandırdıq.

1922-ci ildə mən kəndə getmişdim, o böyüklükdə bağlardan əsər qalmamışdı. Ancaq işlər daşnaklar dediyi kimi olmadı. Şura hökuməti qurulandan sonra Əldərəlilər yavaş-yavaş yığışıb gəlirdilər kəndə. Əvvəl gələn 5-10 evi oraya qoymaq istəməsələr də olmur. İrandan 30-40 ev köçüb gəlir yavaş-yavaş ev tikib yaşayırlar. İndi 500-ə qədər Əlidərə, Mərziyit, Mallev kəndlərinin yerində 130 ev var.

Mərziyit kəndinin adamları Gəncədə qalırlar. Əlidərəlilərin çoxu Bakıda və Gəncədə yaşayırlar. Erməni kəndi də Mehriyə, İrəvana köçdü.

Böyük ermənistan yaratmaq üçün milyonlarla insan qanı tökən daşnak partiyasının başçılarının birinin də burnu qanamadı. ”Xalq qəhrəmanı” Andronik, Zəngəzuru qana boyayan Nijdeh, Şamaxını və kəndlərini yer üzündən silib darmadağın edən canavar Amazasıp, milyoner Xatisov, Lalayans, Montaşev, 1918-ci ildə Bakıda 60-70 min azərbaycanlı qıran Kazarov, Avetisov, Baqratyuni, ingilisləri Bakıya gətirən Araratyans və başqaları elə qaçdılar ki, heç kəs bilmədi ki, hara getdilər.
3 Fevral 2016
1968 dəfə oxunub
 
 



 

Reklam
Sizin reklam burada
info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur