Reklam



TARİXİ
Təxminən XV əsrin 80-cı illərində salınan Aldərə (Əldərə) kəndi Mehri rayonundan 12 km məsafədə yerləşir. Bakı-İrəvan dəmir yolunun sağ tərəfində, Araz çayının sol tərəfində yerləşir. Kənd üç tərəfdən dağlarla əhatə olunmuşdur. Öz mənbəyini yaylaqlı dağlardan alan Aldərə çayı kəndi iki hissəyə bölür və tələsmədən, burula-burula Araza qovuşur, Çayın hər iki tərəfində geniş həyət sahələrində tikilmiş ikimərtəbəli şiferli evlər kəndə xüsusi gözəllik verir. Çayın sol və sağ tərəflərində salınmış meyvə bağları onu Araz çayına qədər müşayiət edir. Bu bağlarda nələr yoxdur. Yetişdirilən müxtəlif uzum növlərindən Arna-qırna (Haraqırna), Ağ Aldərə (Ağ üzüm), Qara Aldərə (Qara üzüm), Keçi məməsi, Ayı məməsi, Ayıboğan, Şireyi və s. üzüm sortlarını yığmaqla qurtarmazdı. Münbit torpaqlarda salınmış müxtəlif şaftalı və qırmızıyanaq ərik sortlarının ətini adam uzaqdan hiss edirdi. Bağlarda qızaran bal kimi şirin narlar, sapsarı heyva sortları, bir-birindən hündür qoz ağacları adamı heyran edir. Hələ ikimərtəbəli yaraşıqlı evlərin həyətyanı sahələrində bir-birinə göz vuran, şirinliyi ilə öyünən xirnik ağaclarını demirəm.

Bu bağların salınmasında və becərilməsində Aldərə camaatının həm keçmiş, həm də 1988-ci ilə qədər orada yaşamış adamların zəhməti çox olmuşdur. Burada bir atalar məsəli yada düşür: Kim qazana, kim yeyə. Qazanan Aldərə camaatı, yeyən ermənilər.

Tarix boyu kəndin başına çoxlu bəlalar gəlib. Əvvəllərə nəzər salsaq görərik ki, rayonun ən böyük yaşayış sahəsi İyis kəndi olub. Iyisdə üç yerdə olan qəbirstanlıqdan aydın olur ki, bura beş məhəlləli iri kənd imiş. Onlar Sevadan çayının suyundan kanal vasitəsiylə istifadə etmişlər. Su ilə işləyən bir-birinin üstündə olan qoşa dəyirman yerləri indidə durur. Bu dəyirmanın daşını Əbgas kəndlisi usta Sumbat 1916-cı ildə 13km dağ, meşə, daş yollarla aparıb öz dəyirmanında işlədib. Həmin dəyirman daşının sınığı son zamanlara qədər dururdu. İyis kəndi XV əsrdə ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb. Əhalisinin bir hissəsin qırıblar, bir hissəsi İrana keçə bilib. Qaça bilməyənləri hündürlüyü 100 metrə qədər olan Əlvana şəlaləsindən aşağı töküb öldürüblər.

İrana keçənlər çox dağınıq halda yaşayıblar. Onlar bu vəziyyətdən çıxmaq üçün yollar axtarıblar. Qərarları belə olub: Arazın bu tayında yaşayış üçün yararlı torpaqlar və şərait var. Bu tərəfdə kənd salsaq 20-30 evdən ibarət olan Movlavan kəndindən təhlükə ola bilər. Oranı zərərsizləşdirmək təklif olunur. Başda Əbdülhüseyn adlı qoçaq bir kişi olmaqla səkkiz nəfər atlı kəşfiyyata gəlir. Arazı keçəndən sonra Movlavan kəndinə gəlirlər. Kəndin kiçik olması işləri asanlaşdırır. Uzun zəmi deyilən qənşərdə durub kəndə baxırlar. Ermənilər şübhələnirlər. Oradan gedirlər kəndin üstünə. Qarşılarına çıxan erməniləri qılıncdan keçirirlər. Sağ qalanlarını gətirib həmin Əlvana şəlaləsindən aşağı tökürlər. Arxayınlıq yaranır. Həmin qoçaqlar adam yeyən canavarların da öhdəsindən gəlirlər. Yenə pərakəndəlik, dağınıqlıq. Hər kəsin öz torpağı ilə məşğul olması yeni kənd salma yerinin təyin olumasını yubadırdı. Bir azdan arxayınlıq olandan sonra məsləhətləşirlər. Qərarları belə olur: nə yükümüz var ulaqlara yükləyək, lakin aralı gedək, dəyməyək, hara, kimin torpağına dönüb otlasalar orada da binə salaq. Təklifi Əli adında bir kişi irəli sürür. Yüklənmiş ulaqlar köhnə kənd yerində az sulu və böyürtkənliyin yanında dayanırlar. Ulaqların yükünü açırlar. Həmin Əli adında kişi təklif edir ki, bu yer dərə olduğu üçün Əli ibn Əbu Talibin (ƏMİRƏLMÖMÜN) şərəfinə Əlidərə adlandırılsın. O sağ olana qədər kənd adsız qalır. Öləndən sonra kənd əvvəllər Əlidərə, sonralar Əldərə, daha sonralar isə Aldərə adlanır. Hazırda dövrü ədəbiyyatda Aldərə kimi işlənir.

Onu da qeyd etmək lazımdır ki, kəndin adı 1920-ci ildə nəşr olunmuş Mehri rayonunun xəritəsində Aldərə adlanır. Bundan əlavə, B.Budaqov və Q.Qeybullayevin “Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti” kitabında da kəndin adı Aldərə kimi verilir. Onu da bilmək lazımdır ki, deyilişindən asılı olmayaraq hər üç ad kəndimizin adıdır.
11 Aprel 2010
1935 dəfə oxunub
 
 



 

Reklam
Sizin reklam burada
info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur