Reklam



Əldərədə rus məktəbinin acılışı - Həzrətqulu Əhmədov
Bu məktəb-şkola 1900-cu ildə açılmışdır.Məktəbin binası üç il yararsiz binada olmuş sonra isə çox gözəl binaya köçüb. O bina indiki İsrafilin evinin yerində idi(1918-ci ildə ermənilər yandırmışdı).Məktəbdə altmış uşaq oxumalı idi.Bunlardan 46 uşaq Əldərə,8 uşaq Mərziyid,8 uşaq erməni kəndi olan Mallev verməli idi.Ancaq ilk açılışda Mallev 10 uşaq verir,Əldərə isə inadlanıb məktəbə uşaq vermir.Əldərədən məktəbə gələn 5-10 uşaq varlı bəylərin uşaqları olur.Məktəbin skamyalarini Gorusdan qatir belində gətirmişdilər.Gedib-gəlmələri alti gün çəkir. Hər qatira 3 skamya yükləyib gətirmişdilər.Məktəbə yazi taxtasi hesablama şotkasi gətirmişdilər.O vaxtlarda elektrik lampasi yox idi. Qarbit yandırıb pərdədə kinoya oxşar şəkillər göstərirdilər.Məktəbin böyük kitabxanasi var idi.O məktəb indiki şəhər məktəblərinə oxşayırdı.Birinci beş-altı ildə Şuşadan Cavad bəy və Hüseyn bəy adinda müəllimlər gəlmişdilər.10-12-ci illərə kimi kəndə gələn müəllimlər yerli dili bilirdilər.Çünki,o vaxtlarda biz bir kəlmə də olsun rus dili bilmirdik.1907-ci ildə kəndə bir qrek-yunan olan Akritov Qriqori gəldi.O adam ailəsi ilə gəlmişdi, özüdə yaxşi türkcə (azərbaycanca) danısırdı.Dörd il dalbadal bizim kəndə gəlirdi. Bir arvadi bir də özü idi.Məktəbin binasında olan evdə olurdu.1908-ci ildə mən də məktəbə getdim.Yetim uşaq idim.Həm oxuyur,həm də müəllimin arvadina işlərində kömək edirdim,su gətirirdim,həyəti süpü-rürdüm,odun yigıb peçi yandırırdım,çay qoyardım.Xanım rus idi.Onunla danişmagı tez bir zamanda öyrəndim.O isə mənə dərslərimdə kömək edərdi.Dərs oxunan vaxt məni işləməyə qoymazdı.1913-cü ilə kimi məktəb üç illik idi.Sonra beş illik oldu.Ona görə də iki müəllim lazım oldu.1913-cü ildəbir polyak gəldi.Adı Kapustinskiy idi, yaman sərxoş olardı.Bir də Karakesimov Qriqoriy (erməni idi)gəldi.Məktəbdə riyaziyyat,cografiya,rəsmxət,rus dili və başqa dərslər keçirdilər.İndiki kimi 45 dəqiqə dərs 5 dəqiqə tənəffüs olmaqla 4-6 saat dərs oxunurdu.Həftədə 2 saat din dərsi keçilirdi. Dərs qurtaranda himn oxuyurduq(boje çarya xrani)-allah sən padşahı qoru məzmununda idi.Az-çox döymək də olurdu.Ancaq molla məktəbindəki kimi kimi deyildi.Ayaq üstündə saxlayardilar,hərdən də təpik,şapalaq da olurdu.Məktəb yaxşı bilik verirdi.Oranı bitirənlərə savadlı adam demək olardı.Belə rus məktəbi qonşu olan Astazur,Karcevan kəndlərində də var idi.Mehridə isə 10 illik erməni dilində məktəb-gimnaziya var idi.Rus məktəblərinin xərcini hökumət çəkirdi.Mehri məktəbinin xərcini ermənilər özləri verirdilər.O vaxtlarda hökumət milli dildə məktəb açılmasına yol vermirdi.Bu siyasət kiçik milətləri ruslaşdirmaq siyasəti idi.1900-cu illərdə Əldərə kimi fanatikliyin ən yüksək pilləsi olan bir yerdə rus dilində ,yəni yeni üsulda məktəbin açilmasinda qonşu ermənilərin böyük təsiri olub.
Müəllimlər ayda 33 manat pul alirdilar.O pul indiki pul ilə 400-500 manatın yerini verirdi.Bundan başqa müəllim məktəbə buraxılan odun pulunu vermirdi.Odunu kəndlilər gətitirirdilər.Məktəbi süpürmək biz uşaqlarin üzərinə düşürdü ki, bununda pulu müəllimlərin cibində qalırdı.Yuxarida qeyd etdim ki,Əldərə və Mərziyit kəndi yetərincə uşaq vermirdi.60 uşaq yerinə vur-tut 20-25 uşaq olurdu.Başqa kəndlərdə məktəb olmadıgına görə Zəngilan rayonundan Xocahan kəndindən 3 uşaq,Gennik kəndindən 1 uşaq,Cahangirbəylidən 1 usaq,Bizim qonşu kəndlərdən Lehvazdan 5 uşaq,Nüvədidən 3 uşaq,Vərtənəzirdən 1 uşaq oxuyurdular.Bunlar hamısı varlı uşaqlari idi.Müəllimlər onlara axşamlar dərs verirdi ki,Ordubadda olan 7-illik məktəbə getmək üçün bir il irəli salırdı.Hər uşaqdan 5 manat alardı.Ayda 70 manat olurdu.Büt ün kəndlilər müəllimə çox hörmət edirdilər.Hər gecə bir evdə qonaqlıqda olurdu.Meyvə,ət,süd,qatıq kimi şeylərə pul verməzdi, hamısını valideynlər gətirərdi.
1900-cu ildən 1917-ci ilə kimi Əldərədə olan müəllimlərin adları:Cavad bəy,Hüseyn bəy,Akritov,Karakeşimov,Hüseynov,Seyidov ən sonda Kapustinskiy.Akritovun arvadı məni özü ilə Tiflisə aparmaq istədi.Orada 2 illik feldşer məktəbi var imiş.Yemək,geymək,oxumaq pulu hökumətin öhdəsində imiş.Mən bu işə çox sevindim.Arvadın adı Luiza idi.O Tiflisə yazıb direktordan xahiş etmişdi ki,gələndə bir tatar uşagı gətirəcəyimə izin verin.Oradan cavab gelmişdi ki,Hərçənd oraya tatar uşagi gotürülmür,ancaq sənin xatirinə düzəldərik,gətirin.Mayın sonunda müəllim gedəndə mən də getməli idim.
Arvadlar bizə yıgışıb yas tutdular.Dizinə vuran kim,aglayan kim.Anama ay arvad uşagi gözündən buraxirsan,yaman günə qalan arvad uşagın gedir urus olmaga deyə şivən qopardılar.
Mən özüm də kənddən ayrilmaq istəmədim,onlar çıxıb getdilər.İki il sonra o ayrilmadıgım kənddən Bakıya fəhləliyə gəldim.
31 Dekabr 2015
1768 dəfə oxunub
 
 



 

Reklam
Sizin reklam burada
info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur