Reklam



Vətən Həsrəti
VƏTƏN HƏSRƏTİ
“Vətənçin yaşayan, Vətənçin ölən 
 Səmimi bir insan nə bəxtiyardır”.
		(M.Müşfiq)
Elə bir günüm, elə bir anım olmayıb ki, doğma kəndimi, onun füsunkar təbiətini, əsrarəngiz gözəlliyini gözümün qarşısında canlandırmayım.

Dağlar, dili bal dağlar
Saç- saqqalı çal dağlar.
Sizdən sordum elimi,
Niyə olduz lal dağlar.

Vətən! Bu məfhum nə qədər şirindir. Qollarını bizim üçün açan, təmənnasız öz qoynunda yer verən bir varlıq niyə də şirin olmasın? Buz bulaqlarını, şehli çəmənini, əlçatmaz qayalarını, barlı- bərəkətli torpağını, şirin xatirələrini, dərdsiz- qəmsiz günlərini bizimlə paylaşan Vətən. İnsan əli, insan ağlı, düşüncəsi, insan qətiyyəti bir kənddə nələri yaratmağa qadirsə, Aldərədə yaratmışdır. (Hidayət Orucov) Araz çayının sol tərəfində,Zəngəzur mahalının Meğri bölgəsində dağlar qoynunda səfalı təbiəti, meyvə bağları ilə göz oxşayan Aldərə (Əldərə) kəndi. Təxminən XV əsrin sonlarında salınan bu kəndin əhalisi dəfələrlə qovulmuş şimali və cənubi Azərbaycanın müxtəlif yerlərində məskunlaşmışlar. Sonuncu dəfə 1988- ci ildə məcburiyyət qarşısında kəndi tərk edən əhali, əsasən Bakı və Gəncə şəhərlərində yaşayırlar.

Mən aşiq al dərədi,
Yolları sal dərədi.
Sorma bu gün hardayam?
And yerim Aldərədi.

Ulu Tanrı, ana təbiət bu kənddən heç nəyi əsirgəməyib, mübaliğəsiz bir gözəl yetirib.Əlverişli iqlimə malik bu kənd müalicəvi əhəmiyyətli mineral sular, faydalı qazıntılar, tarixi abidələr və müxtəlif təbii sərvətlərlə zəngindir.

Xatirələr bir- bir qarşımda durdu,
Acılar köksümdə bir yuva qurdu.
Bu müşkül sualı qəlbimə sordu,
De bu dərdə necə dözüm, Aldərə?
Qalmadı məndə tab, dözüm, Aldərə

Aradan neçə illər keçməsinə baxmayaraq bu gün də yuxularımı yenə də öz doğma kəndimdə görürəm. Hər yerdə gözüm onu axtarır, təəssüf ki, ancaq xəyallarımda canlandırıram. Mən inanıram və bilirəm ki, mənim kimi vətən həsrəti çəkən hər bir kəs öz yurdunu unuda bilmir. Necə unutsun? Necə də unutsun o yerlərin ab- havasın, gül- çiçəkli yaylaqların, göz işləyən ormanların, meyvəli bağların, əlçatmaz şiş qayalı dağların, əvəzolunmaz təbiətin, daha nələrini...

Barlıdı, gözəldi, aranı, dağı
Yol boyu uzanan meyvəli bağı.
Yadımdan çıxmayır növraqlı çağı
Şirin xatirələr kəndimdə qalıb.

Aldərə kəndinin insanları da özü kimi gözəl, torpağı kimi şirin, suyu kimi safdırlar. Bu gün də hər bir aldərəlinin ürəyi vətən həsrəti ilə çırpınır, amma neyləsin əli çatmır. Əli çatsa torpağında diz çöküb, daşını öpər. Artıq neçə illərdir ki, həsrət qaldıq gülüzlü kəndimizə, onun torpağına, daşına, suyuna, havasına, yayına, qışına...de nəyinə həsrət qalmadıq sənin. Toy- büsatlı payızına, diş göynədən buz bulağına, gah sakit axan, gah da dəliqanlı Arazına. 23 ildən çox vaxt keçməsinə baxmayaraq hələ də biz aldərəlilər ümidlə yaşayırıq, inanırıq ki, bir gün gələcək, elə bir gün ki, biz doğma yurdumuza qayıdacağıq. İllərdən bəri həsrət qaldığımız, gözü yolda qalan vətən torpağına qovuşacağıq.
Dərd odur ki, yaşayan bir varlığa nə əlin çatır, nə də ki, səsin.
Nə qədər ki sağam, səndən yazacam,
Olub keçənləri yada salacam.
Ölsəm o dünyada xəbər tutacam,
Yağıdan qurtulub, azaddı Vətən.
Bu gün Vətənim-həsrət qaldığım Aldərədi, çal- çağırı kəsilən Göyçədi, gözü yolda qalan Təbrizdi, gözü yaşlı Qarabağdı- bütöv Azərbaycandı.
Nanə Məmmədova 146 №li məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
	01.05.2012 -ci il.    “Ana yurdum” qəzeti .
Bu məlumatı bizə göndərdiyinə görə Məmmədova Zəhraya təşəkkür edirik.
22 Sentyabr 2012
1317 dəfə oxunub
 
 



 

Reklam

Öz reklamınızı yerləşdirmək  üçün bizimlə əlaqə saxlayın  e-mail: info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur