Reklam



QALADAŞINA XİTAB
İbrahim Hacıyev

Qaladaşı,sən hər yerdən ucasan,
Dünya görmüş,ömür sürmüş qocasan.
Aldərəyə üstdən baxan bacasan,
Söylə görək,burda nələr olubdu,
Kənd neçə yol boşalıbdı,dolubdu.

Başın üstə qaplanların dolaşıb,
ətəyində canavarlar ulaşıb.
Neçə igid öz qanına bulaşıb,
Sən yerində dayanmısan mərdana,
Sən tək oğul yetışdirər mərd ana...
Daşlarında yuva qurarkedigar,
Sən qalmısan əsrlərdən yadigar.
Dördyanında Kəlbeyvazın izi var.
O, dövrəndə neçə-neçə qoç kəsib,
Könlüm səni görmək üçün tələsib.

Meydangədiyindəndən keçib gəlmişəm.
Pagey çeşməsindən içib gəlmişəm.
Xəlləgənin otun biçib gəlmişəm.
Ayrılığı kimlər saldı araya,
Yolum düşmür Sevadana,Gəraya.

Indi Zərbəhürdə əkib-biçən yox,
Zeynal çeməsinin suyun içən yox.
Uzunqulaq ilə dağa köçən yox,
El yığılıb hər tərəfə yol salıb,
Iyis yolu daşlı,kəsəkli qalıb.

Bilən yoxdu,nələr olub kəçibdi,
Palçıqlıya,kim yaylağa köçübdü.
Ağıllılar Əbgası yurd seçibdi
Tərgidiblər indi Tası,Gərayı,
Yox onların daha hayı,harayı.

Meydangədiyində xırman döyən yox,
İşdən bezib,öz bəxtinə söyən yox.
Iri almasını dərib yeyən yox.
Nə zamandı ağır işlər azalıb,
Olanlardan acı xatirə qalıb.

Qaladaşı,dörd bir yanı seyr elə,
Pagey, Digah,Sevadanı seyr elə,
Keç İyisdən, bir aranı seyr elə,
Ayrılıqdan gör neçə il keçibdi,
Neçə-neçə sabiq dostun köçübdü.

Çox övladın səndən uzaq olubdu,
Ayrılığın sinəyə dağ olubdu,
Qürbət eldə könül dustaq olubdu.
Kərim dayı danışıb ah çəkərdi,
Qınamasan gözündən yaş tökərdi.

Həzrətqulu əmi yaşar Bakıda,
Var dövləti,hər şeyi var Bakıda,
Sən yadına düşsən coşar Bakıda,
Tez-tez sənin görüşünə gələr o,
Yalnız burda özün xoşbəxt bilər o.

Ağır keçdi müharibə illəri,
Dərdə-qəmə qərq elədi elləri,
Görüm,getsin,gəlməsin o günləri,
Neçə-neçə igidləri apardı,
Neçə evdə vaylı şivən qopardı.

Aga nənəm əyirərdi cəhrəsin,
Damımızda çalxayardı nehrəsin.
Kənddə yerin düz bilərdi hər kəsin.
Kərbəlayı gəlib bənddən keçərdi,
Dayqızıdan ayran alıb içərdi.

O illərdə qüssə-kədər çox idi.
Çox evlərdə başpapaqlı yox idi.
Kənddə ancaq üç-dörd adam tox idi.
Qalanları əldən salmışdı aclıq,
Başımızın üstün almışdı aclıq.

Dava ili bədənim bərk şişmişdi,
Az qala ki, əcəl aşım bişmişdi.
əmim yamanca təşvişə düşmüşdü,
Ağladı,əmcanım onu kiritdi,
Bal şərbəti verib məni diriltdi.

Məşədorucqulu məclislərə bəzəkdi,
Səxavətdə və mərhəmətdə təkdi,
Qoca vaxtı cavanlardan zirəkdi.
Dəyməz idi o heç kəsin kefinə,
Qərib görsə ,aparardı evinə.

Bu dünyaya açan gündən gözünü,
Mehdixan sevməzdi “ kolxoz” sözünü.
Söyləyərdi ancaq sözün düzünü,
Anlayanlar mətləbini qanardı,
Ağılsızlar onu “dəli” sanardı.
12 Aprel 2010
520 dəfə oxunub
 
 



 

Reklam

Öz reklamınızı yerləşdirmək  üçün bizimlə əlaqə saxlayın  e-mail: info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur