Reklam



TARİXİ ABİDƏLƏRİ
Tarixi abidələrimizin sayı çoxdur. Lakin onlardan bir neçəsi ilə tanış olmaq faydalıdır. Rayonun ərazisində ən məşhur ziyarətgah BUĞUKARDIR. O, uca dağların qoynunda sərin suları və meşələri ilə məşhurdur. Ziyarətgaha Bakıdan, Naxçıvandan və başqa yerlərdən gələnlər çox olurdu. Ziyarətgah hər il Məhərrəmliyin sonunda MEHRİ rayonunun hazırlıq idarəsinə 3,5-4 min dəri təhvil verirdi (qurban kəsilən xırda buynuzlu heyvanların dərisi). Ora maşın yolu çəkilmişdir. Ziyarətgahın VIII əsrdə inşa olunması güman edilir. Orada dəfn olunanlar müsəlmanların şiə təriqətli VIII İmam Rza Əlehsəlamın qardaşı uşaqlar Sultan Seyid Əhməd öz bacısı ilə bir-birinə yaxın dəfn olunublar. 11 otaq isə zəvvarların qalması üçün tikilmişdir. Yerli ermənilər də ziyarətgaha səcdəyə gedirdilər. Azərbaycanlıların (1988-ci il) qovulmasına qədər Buğukar dururdu. İndi ziyarətgahın talehindən xəbərimiz yoxdur.
Digər bir tarixi abidə rayonun KARÇEVAN (QIRXCİVAN) düzündə tikilən Şah Abbas karvansarasıdır. Bu şahın tikdirdiyi 999 körpü, məscid və karvansaralardan biridir. Yolüstü çovğundan, küləkdən qorunmaq üçün seçilmiş yerdir. Biz orada olan vaxtda ermənilər abidəni xaricdən suvaqlayıb örtdülər və “Armyanski kuxni” düzəltdilər. Karçevan o yerdir ki, iranlı “qardaşlar” ordan ermənilərə yol verib, körpü salıblar.
Aldərə kəndində tarixi abidələr çoxdur. Kənddəki iki məsciddən biri indi də güman edirəm ki, durur. Çünki oranı kolxoz anbar etmişdir. Digəri Mərzitdə olub. 1918-ci ildə dağıdılıb. Məscid və hamamı kəndin dövlətlilərindən Hacı Məhəmmədəli tikdirib. Hamam keçmiş sistemlə tikilmişdir. Daxildən hər yana isti, tüstü yolu var, iki günbəzlidir. 1918-ci ildə ermənilər hamamın qazını aparıblar. Mən Mehridə işləyəndə də və sonralar da maraqlandım, amma tapa bilmədim. Mis qazının su tutumu 1,5 ton olub.
Kənd sahəsində qəbiristanlıqlar çoxdur, sayını bilmək çətindir, ancaq bir neçəsini qeyd edirəm: İyis, Hor gədiyi, Kürdəzur, Mərzit yaylağı, İri başı, Pagey kənd yeri, Pagey, Dıbrıstan və Sünguram Süngürandakı qəbirlər iki dərə qovuşandan qızıl güllüyə qədər məsafəni əhatə edir. Çox güman ki, Babəkin döyüşü həmin yerdə olub. NüvədiliHəmzə Ə. Yazır ki, Cəfərdil, Aşağı iri, Böyük güneyin başı, Xokəlinin aşağısı, Yasdan, Qleytan, kənd çayı, qəbirstanlığı, Çaxıs və başqa yerlərdə də qəbirstanlıqlar var. Alban qəbirstanlıqları Sevadan, Əlvana, Xaraba garay və Zəngəcürdə vardır. Erməni qəbirstanlığı yalnız Mallevin aranında və yaylağında olub.
Aldərənin sahəsində 8 kilsə olub, onlardan ikisi dağılıb. Xaraba Garayda biri, obiri isə aşağı Mallevdə. Mallevdəki erməni kilsəsinin dağılma tarixi belədir: Adərə caamatı millət davasında dövlətlərini kənddə qoyub İrana keçməyə məcbur olublar. Kəndə qayıdan Məşədi Həsənxan ikimərtəbəli evinin ermənilər tərəfindən yandırıldığını görür. O da, odun yığıb Mallevdəki erməni kilsəsinə gəlir. Ermənilərin gözü qarşısında kilsəyə od vurub yandırır. Kilsə yanıb qurtarana qədər əlində tüfəng oturub gözləyir. Qorxudan bir erməni belə yaxına gələ bilmir. Beləliklə, erməni kilsəsinə son qoyulur. Qalan 6 kilsədən yalnız Əbgas kilsəsinin ermənilər tərəfindən tikildiyi məlumdur. Qalan kilsələr bunlardır: Əlvana, Sevadan, Yuxarı Mallev, Vang, Tas kilsələri.
Bunlardan əlavə çoxlu pirlər olub. Çinar piri, Həsən piri, Əlbəndi piri, Qleytan piri, Bahacı piri və s. Əhali bu pirlərə inanıb və onları ziyarət ediblər.
Son abidə kəndin mərkəzində salınmış istirahət parkı idi. Öz axınının təzyiqi ilə su fantanı vardı. Parkda Böyük Vətən müharibəsində həlak olmuşların xatirəsinə ucaldılmış abidədə Aldərə kəndindən müharibəyə gedib qayıtmayan 65 nəfər vətən oğlunun adı həkk olunmuşdur. Abidə bütöv bozalt daşından hazırlanmışdır. Hündürlüyü 4 metr 32 sm olan abidə qızılgüllə əhatə olunmuşdur.
Həmin park adamların istirahət və ziyarət yeri idi. Parka gələn hər bir vətən oğlu müharibədən qayıtmayanların adlarını oxuyub, onları böyük ehtiramla yad edirdilər. Onlardan biri-müharibənin od-alovundan çıxmış polkovnik Fərəc Fərəcov abidəni ziyarət edir. Abidənin üzərindəki adları oxuduqca qəhərlənir və fikrindən keçənləri dilə gətirir:


Çox övladlar cəbhəyə yola saldın,
Unutmaq olarmı o oğulları,
Bəzən xoş, bəzən qəmgin xəbər aldın,
Vətən uğrunda həlak olanları,

Mən onları yad etməyə gəlmişəm...
11 Aprel 2010
2000 dəfə oxunub
 
 



 

Reklam
Sizin reklam burada
info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur