Reklam



Vərtənəzor dağılmamışdan əvvəl Əldərə Həzrətqulu Əhmədov
Kəndin dağılmasına heç şübhə yox idi. Oturub ölümümüzü gözləyirdik. Ağıllı bir başbilənimiz yox idi ki, bizə rəhbərlik etsin. Kənddə vur-tut 3 beşaçılan tüfəng var idi, onlardan ancaq bir nəfər güllə ata bilirdi. O birilərin əlində tüfəng əlağacı kimi bir şeydi. Tutaq ki, kənddə yüz tüfəng olsaydı belə nə edə bilərdik? Təpədən dırnağa qədər silahlanmış , cəbhədən qayıtmış minlərlə erməninin qarşısına çıxmaq, kəskin dişli canavarın qarşısında duran qoyuna bənzərdi.
Bizim bütün günü işimiz Allaha yalvarmaq və Əlinin qəzəb oğlu Həzrət Abbasa arxalanmaqdan ibarət idi. 1400 il bundan qabaq ölən İmam Hüseyn, Həzrət Abbas gəlib bizə kömək edəcəyini nə qədər bədbəxtlik, nə qədər axmaqlıq.
Biz özümüzə təsginlik verirdiksə də əsla heç rahat deyildik, hər dəqiqə ölüm bizim qarşımızda durmuşdu.
Kəndin qaçmağına beş gün qalırdı, anam bərk xəstə idi. Onu yerdə qoyub qaçmaq istəmirdim. Ancaq anam vəfat etdi. Anamın vəfatı bizi bir növ ölümdən xilas etdi, yoxsa qırılmağımız göz qabağında idi. Anamı xəstə qoyub qaça bilməyəcəkdim.
Vərtənəzirin dağılmasından bizim xəbərimiz yox idi. Bir nəfər ölmüşdü dərə qəbirstanında basırırdıq (Məşədi Teymur adında bir Əldərəli qatırını aparmışdıki, tanış olan bir nəfərin şeylərini Vərtənəzirdən gətirsin, o da davaya düşüb qaçmışdı.)
Ölü basırılan yerdən keçəndə nə salam verdi, nə də kimin ölməyini soruşdu. İçimizdən biri: Ə.Məşədi Teymur yuxarılardan gəlirsən nə xəbər var, o, heç bir cavab vermədən keçdi getdi. O gedəndən bir az keçmişdiki di ki, qacqınların başı açıldı, onda biz bildik ki, işlər nə haldadır. Sonra Məşədi Teymur demişdi ki, biz iki nəfər qaçırdıq, birdən qabağımıza bir papaq atıldı, biz diksinib dayandıq, o yan bu yana baxdıq, gördük ki, Əldərəli Məşədi Səfər bizə əl ilə işarə edib qabağa baxmağı anlatdı. (Məşədi Teymur Kərimov Əsgərin atası ,Məşədi Səfər Əhmədov Əlinin atası idi).
Onlardan 200 addım irəlidə ermənilər yolu kəsib, gələnləri tuturmuşlar, güllə atmırmışlar ki, gəlib-keçənlər güllə səsi eşidib qaçarlar, sonra da gələnlərin hamısını qırmışdılar.
Vərtənəzir qaçqınlarının başı açıldı, onların bir hissəsi Əldərəyə , bir hissəsi isə iyis çayı ilə aşağı Araz qirağına getmişdilər.Vərtənəzirin dağılması Əlidərənin qaçmasını həll etdi. O gecə qaçqınlar məscidə dolmuşdular.
Gecə yata bilmirdim, evdə iki bacim var idi. Durub gecə yarı çıxdım bayıra. Bizdən 100 addim aralı, gələcəkdə mənim qaynatam olacaq Xanəlinin evi idi. Bu ev iki mərtəbəli idi. Gördüm ki, evlərinin alt mərtəbəsindən işıq gəlir, yavaşca soruşdum: Xanəli xalaoğlu nə edirsiniz? O xəbər aldı ki, kimsən? – dedim ki, Həzrətquludur. Soruşdum ki, qaçırsınız? Dedi ki, hə, get hazırlaş qaçmağa, ancaq hay-küy salma ( o qorxurdu ki, erməni kəndi olan Mallev kəndi xəbər tutar və bizi gülləyə tutarlar). Sonra gördüm ki, kəndin hamısı gedir. Mən də bir put yarım unu dalıma alıb bacılarımı da götürüb qaçdım Araz qırağına. Yol boyu nələr var idi: ağlayan kim, məni qoyub getməyin deyən kim, - bir sözlə vay-nəvsa idi. İki minə qədər adam Araza tərəf qaçırdı. İş burası idi ki, biz hər saniyə güllə səsi eşidəcəyimizə şübhə etmirdik, ölüm qorxusu da bizimlə qaçırdı. İndi vurarlar, bir saat sonra vurarlar. Beləliklə yığışdıq Araz qırağına. Arazdan keçmək mümkün deyildi, onun üçün pələ deyilən qayığa oxşayan bir şey lazım idi. O da ancaq üç adam götürə bilərdi. Gecə qarla yağış yağmağa başladı. Qaranlıq idi, hərə başına bir palaz, bir cecim salıb, ölümü gözləyirdi. Beləcə hava işıqlandı. Təsəvvür edin ki, iki min adamı Arazın o tayına keçirmək üçün azı bir həftə lazım idi. Ancaq İran tərəfdən çoxlu pələçi gəldi. Vur-havur adamları keçirməyə başladılar. Hava işıqlananda qorxu daha da artdı. İndicə ermənilər gəlib bizi qiracaqlar deyə aglaşma başladı. Doğrudan da Astazur erməniləri gəlib kəfşən tərəfdən bizi gülləyə basdılar. İrana keçmiş bir neçə tüfəngli də bunlara cavab atəşi açdılar. Deyilənlərə görə iki erməniyə güllə dəyib öldü. Onlar da qaçıb getdilər. Əgər bilsəydik ki, ermənilər bizim üstümüzə on gün sonra gələcəklər, biz arxayın olardıq. Ancaq biz hər dəqiqə güllə səsi gözləyirdik. 3-4 günün içində biz İran tərəfə keçdik. İndiki sərhəd zastavının qabagında olan dərəyə, hərə bir daş altı tapıb başını soxmuşdu oraya, yağış qar davam edirdi.
Qaçmamışdan qabaq kəndə azar düşmüşdü, gündə bir-ikisi ölürdü. İndisə ölənlərin sayı daha da çoxalmışdı. O dərədə açıq yerdə qalmaq heç mümkün deyildi. Odur ki, adamlar yavaş-yavaş on kilometrlikdə olan Qulan kəndinə köçürdülər. Qulan Azərbaycan kəndi idi. Mən də hamı kimi getdim Qulana. Gedəndə də gərək gecə vaxtı gedəydin ki, ermənilər bizi gülləyə tutmasınlar. Qulanda bir uçulmuş dam var idi, ancaq üç nərə altı salamat qalmışdı. Bacılarımla o damda qaldıq. Bizdən başqa çoxlu qaçqın var idi. Apardığım unu çox qənaətlə yeyirdik. Ermənilər hələ kəndə gəlməmişdilər, bir neçə ev qayıtdı kəndə. Mən də kəndə gəlib nə ki şeylərimiz var idi, yığışdırıb Qulana gətirdim.
Biz qaçanda Mərziyitlilər bizimlə qaçmadılar. Onlar İrana keçməyib Araz çayı aşağı Nüvədi kəndinə qaçdılar. Astazur erməniləri bunların qabağını kəsib 5-10 adam öldürmüşdülər. Ölənlərin içərisində indiki dəmir yol rəisi Bağırovun anası da var imiş. Arvada güllə dəyir, Bagırov (beş yaşı var imiş) düşür yerə, atasi onu götürüb qaçır. Xoşbəxtlikdən bu hadisə gecə olur, yoxsa hamını qırardılar. Bu yazıqlar Nüvədi kəndinə yığılırlar. Biz İranda olanda ermənilər Nüvədi kəndini də dağıdırlar. Onda da Mərziyitlilərdən ölən olur. Biz Qulana qaçanda 1918-ci il dekabrın 2-si idi. Dekabrın 15-nə kimi Qulanda qalmışıq. Bir gün hava açıq idi, gün düşmüşdü, yığışıb başımıza bir çarə axtarırdıq. Birdən birisi Əldərəyə tərəf baxıb dedi ki, deyəsən kəndin üstünü tüstü bürüyüb. Hamımız baxıb gördük ki, dogrudan da qatı tüstü görünürdü və get-gedə artırdı.Onda hamımız inandıq ki, kənd yanır, yoxsa nə ola bilərdi. Əldərə kasıb yoxsul kənd olmasına baxmayaraq 20 iki mərtəbəli, balkonlu evi var idi, böyük bir məktəb binası, məscid, hamamı da var idi. Biz qaçanda kənddə bir qədər adam qalmışdı, bir qədər də qayıdan olmuşdu. İndi biz kənddə qalanların dərdinə qalıb ağlayırdıq. Biz dedik yəqin onların hamısını qırdılar. Hələ heç bir şeydən xəbərimiz yox idi, ancaq bir xəbər gözləyirdik. Günorta üstü zəlzələyə oxşar bir gurultu qopdu. Hamı salavat çevirib dua oxudular, dogrudan da yer getməsinə heç kim şübhə etmədi. Əldərəli Mirhaşımın rəngi saraldı, dedi ki, bu zəlzələ deyil mənim evimin partlamasıdır. Mən dəmir yolu çəkiləndə 25 put dinamit aparıb evimin padvalına tökmüşdüm , onun üstünə də 300 put sement yığmışdım ki, gələcəkdə yeni üsulda yaxşı bir dəyirman tikim. Yəqin ev yanıb od aşağıya düşüb odur ki, partlama əmələ gəlib. Biz kəndə qayıdandan sonra ermənilərdən vəziyyəti soruşduq dedilər ki, doğrudan da elə olmuşdur. 4 ermənini elə tullamışdı ki, heç nişanları da qalmamışdı.
Axşamüstü kənddən qaçıb gələn oldu, onlar əhvalatı danışdılar, dedilər ki, tezdən erməni kəndi olan Mallev tərəfdən şeypur səsi eşidildi, sonra onun dalınca güllə atıldı. Astazurlular da öz tərəflərindən kəndi gülləyə tutdular. Biz qaçıb özümüzü verdik bağlara. Hələ yarpaqlar tam tökülməmişdi, qaçıb Araz qırağına gəldik, bizi keçirtdilər İrana. Amma kənddə qalanlardan 5-10 nəfərə güllə dəymişdi.
Ağabala adında bir nəfər dedi ki, mən imkan tapıb qaça bilmədim, gizlin bir yerdə gizlənib gecəni gözləyirdim ki, qaçım. Ermənilər kəndə girən kimi bütün evlərə od vurub yandırdılar. Məscid hələ yanmamış Molvalanlı bir erməni məçidin damına çıxıb mollalar kimi minarət verib gülürdü.
Kənd dağıldı getdi. Qulan kəndinə yığışanlar orada qala bilmədilər. Bir qədəri Zəngilana rayonuna gəlmişdilər. Sonra isə bir çoxları Bakıya, Gəncəyə gəldilər. İranda qalan 30-40 ev 3 il 1921-ci ilin sentyabır ayına kimi orada qalmışdılar, sonra isə kəndə qayıtmışdılar.
Mən 15 gün Qulan kəndində qaldım. Sonra Bakıya gələn bir dəstə adamlar ilə Bakıya gəldim. Gəlməyimiz 10-gün çəkdi. Qışı da, açlığı da yollarda çox çətinlik çəkdik, yolumuz qorxulu idi. Bu bandit milləti olan kəndlilər bir neçə yerdə bizi soymaq istədilər, nəyimiz var idi ki alsınlar, lüt baba idik. Bakıda dəmir yoluna işə girdim. Bu sözləri yazan günü 57-ildir ki, işləyirəm.
(Bakıda 1919 24 aprel ayında dəmir yolunda işə girdim)
Ardı var ...
19 Yanvar 2016
1651 dəfə oxunub
 
 



 

Reklam
Sizin reklam burada
info@aldara.az

 


e-mail : info@aldara.az


Əlaqə telefonları +994503441780 +994773441780 +994553441780
Bu sayt Aldərəli Məmmədxana məxsusdur -  Aldara.az  © 2007-2013 - Bütün hüquqları qorunur